Ölkəmizi dünyaya tanıdan lider

 

 

   Los-Anceles və Pekində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı konsertlər

  

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar mayın 6-da ABŞ-ın Los-Anceles şəhərində konsert keçirilib. Tədbir Bakının Nəsimi rayonunun İcra Hakimiyyətinin təşəbbüsü ilə Orfeum Teatrında təşkil olunub. Azərbaycanın tanınmış incəsənət ustalarının çıxış etdiyi konserti 2 minə yaxın tamaşaçı izləyib.

   Tədbirdə əvvəlcə Nəsimi rayonunun icra başçısı Asif Əsgərov və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək ulu öndərin həyat yolundanmüasir Azərbaycanın qurulmasında, eləcə də ölkəmizin tərəqqisində oynadığı əvəzsiz tarixi xidmətlərdən danışıblar. Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş etdirilib.

   Sonra incəsənət ustalarımızın konsert proqramı təqdim olunub. Xalq artisti, professor Siyavuş Kəriminin musiqi rəhbərliyi altında nümayiş etdirilən repertuarda xalq mahnıları, muğamlar və bəstəkarlarımızın əsərlərinə, milli rəqslərimizin nümunələrinə yer verilib.

   Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar artist Aygün Zeynalova və gənc müğənni Arzu Əliyeva tərəfindən səsləndirilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, eləcə də gənc rəqqasə Röya Əliyevanın təqdim etdiyi şux rəqslər geniş tamaşaçı kütləsinin zövqünü oxşayıb.

   Konsertin sonunda bəstəkar Rauf Hacıyevin məşhur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb.

   * * *

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Pekində konsert təşkil edilib.

   Ölkəmizin Pekindəki səfirliyinin və Çin Mərkəzi Konservatoriyasının birgə təşkil etdiyi konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki böyük xidmətlərindən söz açıb.

   Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Gecədə Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova Fikrət Əmirovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Vaqif Mustafazadənin, Fərhad Bədəlbəylinin və başqalarının əsərlərini yüksək ustalıqla ifa edib.

   Konsertdə Əməkdar artist, tarzən Ələkbər Ələkbərov, Əməkdar artist, kamança ustası Elşən Mansurov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun təqdimatında səslənən muğamlarımız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

  

 

Mədəniyyət.- 2017.- 12 may.- S.8.