Euronews” kanalında Dialoq Forumuna həsr edilmiş süjet yayımlanıb

 

 

   Euronews” telekanalında Bakının 4-6 may tarixində ev sahibliyi etdiyi IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan süjet yayımlanıb. Süjetdə Forumun əhəmiyyəti vurğulanıb.

   Diqqətə çatdırılır ki, Azərbaycan dövlətinin UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və digər beynəlxalq qurumlarla birgə təşkil etdiyi Forumda dünyanın 120 ölkəsindən siyasi, mədəni və elmi elitanın yüzlərlə nümayəndəsi iştirak edib. Qonaqlar arasında 50 beynəlxalq təşkilatın mütəxəssisi olub.

   Telekanalın yayımladığı süjetdə Forumda çıxış edənlər arasında UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, BMT baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuev və digər qonaqların olduğu vurğulanır. Həmçinin bildirilir ki, belə tədbirlərin keçirilməsi və mətbuatda qlobal problemlərin işıqlandırılması onların həllinə öz töhfəsini verəcək.

   Qeyd olunur ki, dünyanı narahat edən problemlərin gənclərlə müzakirəsi, onları bu məsələlərə cəlb etmək çox vacibdir. Gənclərə tolerantlıq, multikultural dəyərlərin aşılanmasının əhəmiyyəti vurğulanır. Forumda müasir dünya üçün aktuallıq kəsb edən vacib məsələlərin müzakirə edildiyi bildirilir.

 

Mədəniyyət.- 2017.- 12 may.- S.10.