İpəkçilik Hatay və Şəki şəhərlərini qardaşlaşdırır

 

 

   Türkiyənin Hatay şəhərində ipəkçilik və turizm mövzusuna həsr olunan konfrans keçirilib. Konfransda “Türkiyə və dünya ipəyi”, “Hatay ipəkçiliyinin əhəmiyyəti” mövzusunda açıq panellər təşkil edilib.

   Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman, Bursa Baramaçılıq Birliyinin sədri Aysel Akbaba, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı Hakan Öztürk və ipəkçilik üzrə alimlərin çıxışları dinlənilib.

   İkinci paneldə çıxış edən Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Hatay və Şəki şəhərlərinin coğrafi bənzərliyi, o cümlədən ipəkçilik sahəsində zəngin təcrübə mübadiləsi imkanlarından bəhs edib, ölkəmizdə baramaçılıq və ipəkçiliyin inkişafına xüsusi diqqət verildiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan milli ipək yaylığı - kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.

   Türkiyə tərəfinin Hatay və Şəki şəhərlərinin qardaşlaşması, o cümlədən iki bölgə arasında turizm və ipəkçiliyə dair əlaqələrin qurulmasına dair təklifləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2017.- 12 may.- S.12.