“Laçın, səndə nələr qaldı...”

 

   Mayın 16-da Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçın, səndə nələr qaldı...” adlı tədbir keçirildi.

   Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

   Muzeyin Şuşa filialının müdiri Səbinə Əzizova çıxış edərək Laçının işğalı nəticəsində rayondakı zəngin tarixi-mədəni abidələrin tamamilə talan və məhv edildiyini bildirdi. Qeyd etdi ki, Laçın rayonunun qədim mədəniyyət abidələri ilə təbiəti bir-birini tamamlayırdı. Rayonun hər kəndi canlı tarixi abidə idi: “İşğal nəticəsində bütün tarixi abidələr dağıdılıb, talanıb. Bu tədbirin keçirilməsində də məqsəd gənclərimizə vətənpərvərlik ruhunu, qədim mədəniyyət nümunələrimizin öyrənilməsi və qorunmasını aşılamaqdır. Eyni zamanda, qədim tarixi diyarımız olan Laçının işğalı zamanı mədəni irsimizin məhv edilməsini bir daha cəmiyyətə çatdırmaq istəyirik”.

   Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov, Əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova, Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuriyeva və başqaları çıxış edərək Laçının tarixi, mədəniyyəti, incəsənəti, maarifelm xadimləri haqqında öz fikirlərini bölüşdülər.

   Tədbir bədii proqramla davam etdi. Laçına virtual səyahətadlı videoçarx nümayiş olundu.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 17 may.- S.2.