İslam Həmrəyliyi Oyunlarının mədəni proqramı davam edir

 

 

 

   Beynəlxalq Muğam Mərkəzində “Rast” muğamı axşamı

  

   Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yarışları ilə bərabər mötəbər tədbir münasibətilə hazırlanan rəngarəng mədəni proqram da davam edir.

   Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində başlananMuğam axşamları” adlı yeni layihənin ilk konserti İslam Həmrəyliyi Oyunlarına həsr olunmuşdu.

   Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova muğamlarımızın qədimliyindən söz açdı. Bildirdi ki, muğamları dinləmək, onun fəlsəfəsini gələcək nəslə çatdırmaq üçün təbliği vacibdir.

   O, layihənin əsas muğamlarımızı əhatə edəcəyini diqqətə çatdıraraq "Rast" muğamının xüsusiyyətlərindən bəhs etdi, muğamın şöbələri haqqında məlumat verdi. Qeyd edildi ki, “Muğam axşamları” layihəsində “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Hümayun” muğamları tanınmış ifaçılar tərəfindən təqdim ediləcək.

   Sonra "Rast" ansamblının müşayiəti ilə Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Aytən Məhərrəmova, Mirələm Mirələmov və Hüseyn Məlikovun ifasında "Rast" dəstgahı səsləndi.

   Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində IV İslam Həmrəyliyi Oyunları çərçivəsində reallaşacaq daha bir konsertdə isə pianoçu Elçin Şirinovqrupu çıxış edəcək.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 17 may.- S.2.