Uşaq xor kollektivlərinin respublika müsabiqəsinə yekun vuruldu

 

   Mayın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında uşaq xor kollektivlərinin IX Respublika müsabiqəsinin yekun konserti keçirildi.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək nazir Əbülfəs Qarayevin təbrikini müsabiqə iştirakçılarına çatdırdı, ölkəmizdə istedadlı uşaq və gənclərə verilən qiymətdən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyev istedadlı gənclərin, uşaqların yaradıcılığının inkişafına böyük diqqət və qayğı göstərir. Son illər ərzində onlarla istedadlı uşaq və yeniyetmə adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılmaqla Prezidentin xüsusi təqaüdünə layiq görülüb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində də istedadlı gənclərə diqqət xüsusi yer tutur, onlara böyük dəstək verilir.

   Şöbə müdiri doqquzuncu dəfə reallaşdırılan müsabiqənin uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə marağın oyadılması, eyni zamanda xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədi daşıdığını dedi. Qeyd etdi ki, müsabiqə və festivallarda iştirak edən xor kollektivlərinin ifaçılıq səviyyəsi ildən-ilə yüksəlir, repertuarları genişlənir və zənginləşir, səhnə mədəniyyəti və xormeysterlərin peşəkarlığı artır.

   Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, nazirliyin təşkilatçılığı ilə aprelin 6-dan 26-dək uşaq xor kollektivlərinin ənənəvi respublika müsabiqəsi keçirilib. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Ağdaş, Bərdə rayonlarında keçirilən müsabiqəyə 5 mindən çox şagird qatılıb. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti, professor Gülbacı İmanovanın sədrliyi ilə tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirib.

   Münsiflər heyətinin qərarına əsasən, Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin xor kollektivi Qran-pri mükafatını qazanıb, C.Hacıyev adına 3 nömrəli onbirillikT.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəblərinin xor kollektivləri birinci, S.Ələsgərov adına 1 və Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi və Sumqayıt şəhər Bülbül adına 2 nömrəli incəsənət məktəblərinin xor kollektivləri ikinci yeri tutub.

   Bakı şəhər 4 nömrəli uşaq incəsənət və 30 nömrəli uşaq musiqi məktəblərinin, Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Quba şəhər Uşaq musiqi məktəbinin xor kollektivləri üçüncü dərəcəli diploma layiq görülüblər. Müsabiqədə fərqlənmiş bir sıra kollektivlərə də diplom və fəxri fərmanlar verilib.

   Münsiflər heyətinin sədri Gülbacı İmanova müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirərək dedi ki, musiqi məktəblərinin direktorları xor kollektivlərinin inkişafına böyük təşəbbüs göstərirlər və bu çox təqdirəlayiqdir.

   Daha sonra müsabiqədə fərqlənən xor kollektivlərinin ifasında konsert proqramı təqdim edildi. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 17 may.- S.4.