İslam Həmrəyliyi Oyunları iştirakçı ölkələrinin mədəniyyət günləri

 

 

   IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə paytaxtın Sabir bağında bir sıra iştirakçı ölkələrin mədəniyyət günləri keçirilir.

   Bu qəbildən ilk tədbir mayın 13-də İran İslam Respublikasına həsr edilmişdi.

   Tədbirdə çıxış edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev IV İslam Həmrəyliyi Oyunları günlərində rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılacaq layihələrdən söz açdı. Bildirdi ki, şəhərimizin sakinləri və qonaqları İran mədəniyyəti günü çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi, musiqisi ilə tanış olmaq imkanı qazanıblar.

   Diqqətə çatdırıldı ki, İslamiada gedişində Sabir bağında həmçinin İndoneziya, Malayziya, Misir, Türkiyə və digər ölkələrin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.

   İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, mədəniyyət günü çərçivəsində yaranmış fürsətdən istifadə edərək İranın mədəniyyətturizm imkanları, eləcə də görməli məkanları nümayiş etdirilir. Mədəniyyət mərkəzinin rəhbəri İslam Oyunlarının İranın qədim, köklü mədəniyyət və sivilizasiyasının tanıtdırılması üçün yaxşı fürsət olduğunu dedi.

   İran ilə Azərbaycan arasında səmimi dostluq münasibətlərindən söz açan Əsgər Farsi bildirdi ki, belə tədbirlər iki ölkənin əməkdaşlıq əlaqələrinin daha da inkişafına müsbət təsir göstərir.

   Sonra İran ifaçıları geniş konsert proqramı ilə çıxış etdilər.

   * * *

   Mayın 14-də Sabir bağında İndoneziya və Malayziyanın mədəniyyət günləri keçirildi. Səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları hər iki ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəx nümunələri ilə tanış olmaq imkanı əldə etdilər. Həmçinin tədbir çərçivəsində iki ölkənin sənətkarlarının iştirakı ilə konsert proqramı təşkil olundu.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 17 may.- S.5.