“Nəsillər üçün qoruyaq

 

 

   Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yubileyi ilə bağlı seminar və sərgi

  

   Bu il Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mərkəzin 11-13 may tarixində Sabirabad rayon Mədəniyyət mərkəzində təşkil etdiyi “Nəsillər üçün qoruyaq” adlı treninq-seminar və fotosərgi də bu silsilədəndir.

   Seminarda diqqətə çatdırılıb ki, Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında professional kadrları və təcrübəsi ilə layiqli mövqe qazana bilib. Mərkəzdə yarım əsr müddətində bu çətin peşənin nəsillərdən nəsillərə ötürmək ənənəsinin uğurla həyata keçirilməsi bərpaçılıq işinin gələcəyinə inam və zəmin yaradır. Mərkəzin fəaliyyəti müddətində 15 mindən artıq müxtəlif muzey eksponatı bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb. Respublikamızda bu gün fəaliyyət göstərən 220-dək muzey kolleksiyasına daxil olan maddi-mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin bərpası üçün burada hər bir şərait mövcuddur.

   Seminarda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarının muzey və qalereyalarının əməkdaşları 60 illik təcrübəyə malik təşkilatın işi ilə yaxından tanış olmaq imkanı qazanıblar.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 17 may.- S.13.