Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş konfrans

 

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli mədəniyyət xadimlərinə, şair və yazıçılara həsr olunmuş tədbirlərin təşkili artıq ənənəyə çevrilib. Akademiyanın Azərbaycan dili və ədəbiyyatı kafedrası görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) 300 illik yubileyinə həsr olunmuş konfrans keçirib.

   Konfransda kafedranın müdiri, dosent Vəfa Əliyev şairin yaşadığı ədəbi mühit və yaradıcılığı haqqında məlumat verib. Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin 2017-ci il 12 yanvar tarixli sərəncamının əhəmiyyətini qeyd edən kafedra müdiri 2017-ci ilin TÜRKSOY təşkilatı tərəfindən “Molla Pənah Vaqif ilielan olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü, Türkiyə və Qazaxıstanın dəstəyi ilə Vaqifin 300 illiyinin UNESCO-nun yubileyləri proqramına daxil edilməsi şairin yaradıcılığına verilən yüksək qiymətdir.

   Konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Məmmədovanın “M.P.Vaqif yaradıcılığında adət-ənənə və xalq deyimləri”, Nərminə Məmmədovanın “M.P.Vaqifin şeirləri rus dilinə tərcümədə”, Səbiyyə Balakişiyevanın “M.P.Vaqif poeziyasında gözəllik ideallarının təcəssümü” mövzularında məruzələri dinlənilib.

   BXA-nın tələbələri şairin şeirlərini ifa ediblər, Vaqifin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2017.- 17 may.- S.14.