Vyanada azərbaycanlı dizaynerin yeni kolleksiyası təqdim edilib

 

 

 

   Geyim nümunələri İslam Həmrəyliyi Oyunlarına həsr olunub

  

   Avstriyanın paytaxtı Vyanada Azərbaycanın tanınmış dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş yeni kolleksiyasının nümayişi olub. Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Milli Geyim Mərkəzindən bildirilib ki, dəfilədə “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin dünyanın müxtəlif ölkələrindən olan finalçıları iştirak ediblər. Yeni kolleksiyada Azərbaycan ornamentləri yer alıb, geyimlərin özləri isə müasir stilizasiyada yaradılıb.

   G.Xəlilova bildirib: “2015-ci ildə mənim milli geyim kolleksiyamın nümayişi Londonda Bakı Birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində baş tutub. Bu dəfə Bakıda İslamiada ərəfəsində kolleksiyamı Vyana şəhərində nümayiş etdirmək qərarına gəldim. İslamiada təkcə idman, sülhdostluq bayramı deyil, həm də gözəl ölkəmizi bütün dünyaya göstərməyin, çoxsaylı qonaqlarımızı qədim mədəniyyət və ənənələrimizlə tanış etməyin növbəti fürsətidir”.

   Yeni kolleksiyanın nümayişi gecənin qonaqları tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 17 may.- S.16.