Rostropoviçlərin ev-muzeyində tədbir

 

 

 

   Mayın 18-də L.və M.Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil-muzeyi ilə birgə Beynəlxalq muzeylər günü çərçivəsində “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” adlı tədbir keçirilib.

   Tədbirin birinci hissəsində Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə repressiya dövründəki hadisələr barədə ətraflı məlumat verib.

   Sonra Rostropoviçlərin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova “Hakimiyyətin özbaşınalığı dar fikirli insanların əlində həmişə qəddarlıqla nəticələnir” mövzusunda məruzə ilə çıxış edib. O, M.Rostropoviçin tanıdığı yazıçı-publisist A.Soljenitsın, bəstəkarlardan S.Prokofyev, N.Myaskovski, D.Şostakoviç və digər musiqiçiləri müxtəlif rakursdan daha ətraflı təhlil edib.

   Maestronun ifasında repressiya dövründə yazılan D.Şostakoviçin 13 nömrəli simfoniyasından və S.Prokofyevin violonçel üçün simfoniya-konsert əsərindən fraqmentlər, həmçinin onun dirijorluğu ilə zorakılığa qarşı həsr olunmuş əsərlərin lent yazıları səsləndirilib.

   Tədbirdə Bakı Musiqi Akademiyasının Simli alətlər fakültəsinin dekanı, professor Nəcəfqulu Abbaszadə, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, bakının rusdilli musiqi icmasının nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2017.- 19 may.- S.2.