Üzeyir Hacıbəylinin ev-muzeyində Hüseyn Cavidin xatirəsi anıldı

 

 

   Məlum olduğu kimi, bu il Beynəlxalq muzeylər günü “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr edilib.

   Azərbaycan muzeyləri də bu günlə bağlı "1920-50-ci illərdə repressiyalar" mövzusunda tədbirlər keçirirlər.

   Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Beynəlxalq muzeylər günü ilə bağlı keçirilən tədbir görkəmli şair-dramaturq Hüseyn Cavidə (1882-1941) həsr olunmuşdu.

   Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov ədibin Ü.Hacıbəylinin ev-muzeyində anılmasının təsadüfi olmadığını dedi. Bildirdi ki, bu görkəmli sənətkarlar çox yaxın dost olublar. Hər ikisi Azərbaycan mədəniyyətinə bənzərsiz töhfələr bəxş edib.

   1982-ci ildə Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirən heyətin rəhbəri Həmid Cəfərov çıxışında həmin hadisələrlə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, H.Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə tapılması və Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Böyük siyasətçi Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu. Ümummilli lider 3 oktyabr 1982-ci ildə Naxçıvanda olarkən bu şərəfli işə xeyir-dua verdi. Bununla da cavidsevərlərin bir arzusunun reallaşmasına imkanlar açıldı. 26 oktyabr 1982-ci ildə H.Cavid Azərbaycana qovuşdu. Bu, ədəbiyyatımız və mədəniyyətimiz üçün əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi kimi böyük əhəmiyyətli hadisə idi.

   Qeyd olundu ki, ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışında H.Cavid irsinin nəşrinə, xatirəsinin əbədiləşdirilməsinə böyük diqqət və qayğı ilə yanaşıb. 1996-cı ildə Naxçıvan şəhərində Cavidin ata ocağının yaxınlığında mütəfəkkir-ədibin adına layiq məqbərə ucaldıldı və Heydər Əliyev məqbərənin açılışında şəxsən iştirak etdi. Bu möhtəşəm məqbərə Cavidlər ailəsini, nigaran ruhları birləşdirdi.

   Çıxışlardan sonra Ərtoğrul Cavidin əsərlərindən ibarət videoçarx nümayiş olundu.

   Sonda Sərdar Fərəcov tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  

   Savalan Fərəcov

  

Mədəniyyət.- 2017.- 19 may.- S.4.