Azərbaycan və İran kitabxanaları arasında əlaqələr inkişaf etdirilməlidir

 

 

   İranın Bakıdakı Mədəniyyət mərkəzinin sədri Milli Kitabxanada olub

  

   İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi mayın 17-də Milli Kitabxanada olub. Qonağı qəbul edən kitabxananın direktoru Kərim Tahirov iki ölkə arasında uzun illərdən bəri davam edən sıx dostluq əlaqələrindən, mədəniyyət sahəsində münasibətlərdən danışıb.

   Azərbaycan Milli Kitabxanası ilə İran Milli Kitabxanası və Arxivi arasında əlaqələrdən söz açan direktor son illər bu əlaqələrin bir az zəiflədiyini söyləyib. Bu əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı əməkdaşlıq barədə memorandumun imzalanmasının əhəmiyyəti vurğulanıb. Həmçinin İranın Bakıdakı Mədəniyyət mərkəzi ilə birgə qarşılıqlı tədbirlərin keçirilməsindən bəhs olunub.

   Mərkəzin sədri Azərbaycana məsul vəzifəyə artıq 3-cü dəfə təyin olunmasından, 14 il əvvəl gördüyü Bakının çox dəyişdiyindən, hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışıb. Azərbaycanda İran mədəniyyəti günlərinin uğurla keçdiyini bildirən Əsgər Farsi bu ilin iyul ayında İranın paytaxtı Tehrandaİsfahan şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçiriləcəyini, İran Milli Kitabxanası və Arxivində miniatür kitab sərgisinin açılacağını söyləyib.

   Görüşün sonunda qonağa kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2017.- 19 may.- S.10.