İtaliyanın turizm portalı Bakı haqqında

 

 

 

   İtaliyanın “Easy Viaggioturizm portalında “Azərbaycanın paytaxtı Bakının ecazkar məkanları” adlı məqalə dərc olunub.

   Yazıda bildirilir ki, Asiyanın ən böyük və ən qədim şəhərlərindən biri olan, qədimliyin və müasirliyin qovuşduğu Bakıda yerli mətbəxin təamlarından dadmaq, xalçalar almaq və dünyanın ən gözəl metrolarından biri ilə səyahət etmək mümkündür. Bu ilin əvvəlindən “ASAN Vizasisteminin tətbiq edildiyi, bunun Azərbaycana səfər etmək üçün vizaları daha rahat formada almaq üçün əlverişli şərait yaratdığı vurğulanır.

   Müəllif, həmçinin Bakıda az pul xərcləməklə daha çox şey almağın və yeməyin mümkünlüyünü diqqətə çatdırır. Qeyd olunur ki, şəhər turistlərə klassik üslubda inşa edilmiş restoranlarda insanı keçmişə aparan atmosferdə nahar etmək imkanı bəxş edir. Şərq üslubunda mebellər, Azərbaycan xalçaları, qədim xalq çalğı alətlərinin ifasında canlı musiqi bu məkanlarda atmosferi həqiqətən bənzərsiz edir.

   Məqalədə Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Azərbaycan Xalça Muzeyi barədə məlumat verilir. Bildirilir ki, Xalça Muzeyinin binası bükülmüş xalçanı xatırladır. Burada müxtəlif əsrlərə məxsus xalça və digər tətbiqi incəsənət nümunələrindən ibarət kolleksiya nümayiş olunur.

   Turistlərə UNESCO-nun Dünya irs siyahısına daxil edilən "İçərişəhər" qoruğu ərazisindəki qədim memarlıq abidələrinə - Qız qalasına, Şirvanşahlar sarayına səfər etmək tövsiyə olunur. Müəllif yazını bu fikirlərlə yekunlaşdırır: “Bu şəhərdə keçmiş ilə gələcək qovuşur. Bakıya səfər etməyə hazırsınızmı?”.

   Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

 

Mədəniyyət.- 2017.- 19 may.- S.9.