Ölkəmiz bütün dünyada etibarlı tərəfdaş və dost kimi tanınır

 

 

 

   “IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq

  

   IV İslam Həmrəyliyi Oyunlarının bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

   Dövlət başçısı vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir: “Şadam ki, bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumlar çox yaxşı işlədilər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda kimi bir amala xidmət edərək, bu qələbəni mümkün etdilər. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadiqdir, onları qoruyur”.

   Prezident diqqətə çatdırıb ki, Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir: “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.

   Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır”.

   Dövlət başçısı çıxışında onu da qeyd edib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir: “Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropaİslam Oyunları keçirilir. Bu oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır”.

   Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub. Sonda xatirə şəkilləri çəkdirilib.

 

 

Mədəniyyət.- 2017.- 24 may.- S.2.