Ömrün qəhrəmanınkı qədər uzun olsun!

 

 

 

   ...Nəhayət ki, gözlədiyimiz oldu. Bilirdik ki, əməliyyatı uğurlu keçib. Bilirdik ki, əməliyyatdan sonrakı uyğunlaşma prosesinin də çətinliklərini geridə qoyub.

   Həkimlər onun normal həyata qayıtmağa, səhnəyə çıxmağa hazır olduğuna qərar veriblər.

   Amma yenə intizarla gözləyirdik. Gözləyirdik ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru Rəhim Rəhimov öz ifası ilə, məhz onun iştirakı üçün səhnələşdirilən tamaşalarda çıxışı ilə pərəstişkarlarını zaman sevindirəcək?

   Teatrın rəhbərliyi böyrək köçürməsi əməliyyatının uğurundan sonra aktyorla ilk görüş üçün elə Rəhim Rəhimovun doğum gününü seçmişdilər. Beləcə, mayın 24-də Rəhim ötənilki mövsümün milli teatr məkanında ən uğurlu tamaşalarından biri - "Zəng" monotamaşası ilə səhnəyə çıxdı. Salona toplaşan aktyorlar, sənət adamları, kütləvi informasiya vasitələrinin nümayəndələri sözsüzlüyü ilə çox söz deyən, uzun ömür yaşamış qoca müharibə veteranının tənhalığını yenə nəfəs dərmədən izlədilər....

   * * *

   Teatrın baş rejissoru Qurban Məsimovun ssenarisini yazıb quruluş verdiyi "Zəng" tamaşası ömrünün ahıl çağında həyat yoldaşını itirmiş, övladlarından ayrı yaşayan Qocanın həyat hekayətidir. Kimdir bu Qoca? Biz onu tanıyırıq? Küçədə, nəqliyyatda çətinliklə hərəkət edən, mağazadan daha çox aptekə baş çəkən, parkda skamyada tək əyləşib gözlərini məchul nöqtəyə zilləyərək keçmişini həmin məchulluqda arayan, üstündə qadın sığalı olmayan, bəzən səliqəsiz görkəminə görə ilk baxışda hətta bomj, dilənçi zənn edə biləcəyimiz qocalardan biridir o. Bir suyu məşhur "Əsgər atası" filminin qəhrəmanı Georgi Maxaraşviliyə çəkən bu Qoca da müharibə veteranıdır. Amma indi onu şərəflə, orden-medalla çıxdığı savaşların qələbə ruhlu xatirəsi yaşatmağa qabildir, əziz xanımı ilə birgə keçirdiyi günlərin şirinliyini yada salması, balalarının oynatdığı, bir gün nəvələrinə göstərəcək deyə yadigar saxladığı uşaq oyuncaqlarının zamana tabe olmayan görkəmi. Onu sevindirə biləcək bir zəng lazımdır. Telefon zəngi! Qocanın öləzimiş həyat eşqini diksindirib oyadacaq bir zəng! Tamaşaçı seyr boyunca Qocanın xatirəsinə uyğun olaraq dəyişən fon musiqisinin "köməyilə" bu həsrətin qəhrəmanı hansı qərara aparacağını duyur. Onu da duyur ki, zəng gecikə, Qoca isə tələsə bilər...

   "Zəng" tamaşası teatrın öz seyrçisinə nəsihət əvəzi ismarışıdır: valideynlərinizi, ahıl yaşlı doğmalarınızı, qonşularınızı tək qoymayın. Onların sizinlə ünsiyyətə ehtiyacı var. İçindəki mərhəmət hissi ölməmiş tamaşaçı yaşından asılı olmayaraq, "Zəng"in sonunda mütləq kövrəlir. Mayın 24-də növbəti nümayiş istisna olmadı. Yenə kövrəldik. Amma bu dəfə kövrəlməyə iki səbəb oldu: tamaşanın ruhundan doğan aktyor oyunu, bir ... aktyorun etirafı.

   Salonun ayaq üstə ehtiramını bildirdiyi aktyor alqışları öz etirafı ilə kəsdi: "Hamınıza minnətdaram. Xəstəliyim müddətində məni dəstəkləyən dostlara, doğma teatrıma, həkimlərimə, müxtəlif teatrlarda çalışan həmkarlarıma, Mədəniyyət Turizm Nazirliyinə minnətdaram. Lakin bir nəfər var ki, ona xüsusi minnətdaram. Özü adının çəkilməyini istəməsə , mən bunu deməliyəm. Bu gün həyatda olduğum üçün, səhnəyə çıxa bildiyim üçün mənə donorluq edib böyrəyindən keçən, canından can verən o insanı, qardaşımın həyat yoldaşı Pərvanə xanımı sizin tanımağınızı istəyirəm!"

   ... Sürəkli alqışlar indi geniş qəlbi, böyük cəsarəti ilə aktyor Rəhim Rəhimovun həyata qayıtmasına səbəb olan cavan xanıma, iki uşaq anası olan Pərvanəyə ünvanlanır.

   * * *

   ...Tamaşadan sonra "Mədəniyyət" qəzetinin kollektivi oxucuları adından Rəhim Rəhimovu təbrik edirik.

   - Şükürlər olsun ki, çox yaxşıyam. Böyrək köçürülməsi ağır əməliyyatdır, bərpa prosesi asan ötmür, ilk on günü bir qədər ağır keçirdim. Yenə Allaha şükür ki, o günlər arxada qaldı. İndən belə həyatımı, hərəkətlərimi həkimimlə məsləhətləşirəm. Həkim icazə verdiyi üçün səhnədəyəm, hətta festivallarda iştirak edə bilərəm. Bundan sonra öz həyatıma çox diqqət yetirməliyəm. Mənim bu gün həyatda olmağım Heydər Əliyev Fondunun maddi dəstəyi, Mədəniyyət Turizm Nazirliyinin, teatrlardakı dostların mənəvi dəstəyi, məni səhnədən sevənlərin duaları sayəsindədir. Doğma kollektivim isə hər zaman mənim yanımda olub. Hətta sonradan bildim ki, direktorumuz Rəşad Əhmədzadə kimsəyə bir söz demədən mənə donor olmaq üçün müayinədən keçib! Bu qədər sevginin qarşısında mənim edə biləcəyim yalnız özümü qorumaq, sənətimi davam etdirmək, balaca-böyük bütün tamaşaçılarım üçün yeni-yeni rollar oynamaq ola bilər!

   * * *

   Köhnə dostum Rəhim Rəhimova doğum günü ağır xəstəlikdən sonra səhnəyə qayıdışı münasibətilə belə alqış etdim: "Səni görüm ən azı oynadığın Qoca qədər ömür sürəsən, amma ömrün qocalığında heç vaxt tək qalmayasan!”

   Tamaşadan sonra teatrda hökm sürən bayram ovqatını, Rəhimi təbrik etmək istəyən qohumların, dostların bolluğunu, atasına gətirilmiş hədiyyələri, gülləri aktyorun qrim otağında xüsusi canfəşanlıqla yerbəyer edən iki oğlunu, foyedə səbirlə mərasimin sonunu gözləyən ailə üzvlərini görüncə, əmin oldum ki, Rəhimi heç vaxt oynadığı Qocanın aqibəti gözləməyəcək! Qoy Qoca məni bağışlasın, amma qocalığın təməlini elə Rəhim kimi cavanlığında qoymaq gərəkdir.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 26 may.- S.7.