Uşaq incəsənət məktəbinin hesabat konserti

 

 

 

   Mayın 23-də R.Behbudov adına Dövlət Mahnı Teatrında paytaxtın Suraxanı rayonunun 3 saylı Uşaq incəsənət məktəbinin hesabat konserti keçirildi.

   28 May - Respublika Gününə həsr edilən tədbirdən öncə şagirdlərin sevinc, məsuliyyət və səhnə həyəcanını necə yaşadıqları üzlərindən sezilirdi.

   Çünki bu gün onlar il ərzində öyrəndiklərini layiqincə nümayiş etdirməli, sevimli müəllimlərinin, eləcə də valideynlərinin inamını doğrultmalı idilər.

   Konsert başlanır və şagirdlər növbə ilə səhnəyə çıxaraq ifalarını təqdim edirlər. Proqram məktəbin bütün pedaqoji-yaradıcı potensialını nümayiş etdirirdi desək, yanılmarıq. Müxtəlif alətlərdə - tar, fortepiano, skripka, trombon - səslənən musiqilər, rəqs ansamblı, xor, vokal, xanəndə, nəfəsli alətlər orkestri və digər ifalar bir arada rəngarəng sənət çələngini xatırladırdı. Məktəbin beynəlxalq və respublika müsabiqəsi laureatı olan şagirdləri bir daha uğurla öz ifalarını nümayiş etdirdilər.

   20 musiqi nömrəsindən ibarət konsert böyük müvəffəqiyyətlə sona çatdı. Şagirdlər Ü.Hacıbəyli, A.Piazollo, E.Qriq, A.Məlikov, F.Şopen, F.Əmirov, F.Mendelson, A.Vivaldinin əsərləri ilə yanaşı, “Şahnaz” təsnifi, “Qavalla rəqs”, aşıq havalarını məharətlə ifa etdilər.

   Tədbirin sonunda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov səhnəyə çıxaraq iştirakçıları qarşıdan gələn Respublika Günü münasibətilə təbrik etdi. Bildirdi ki, hesabat konsertləri, şagirdlərin böyük səhnəyə çıxmalarına ilk pillə olmaqdan əlavə, həm də onların kiçik yaradıcılığına yaradılan bir şərait və stimuldur. Beləliklə, daha bir hesabat konserti uğurla sona yetdi.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 26 may.- S.8.