Ədəbi-tarixi yaddaşın təntənəsi

 

 

 

   26 may Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür

  

   Azərbaycan ədəbi-mədəni fikir tarixində XX əsr xüsusi mərhələdir. Əsrin əvvəllərindən ictimai-siyasi təlatümlər, mənfur qonşularımız və onların havadarlarının maraqlarının torpaqlarımız üzərində kəsişməsi Azərbaycan ərazilərində mürəkkəb, gərgin proseslərin cərəyan etməsinə səbəb olmuşdur. Cəmiyyətin güzgüsü olan ədəbiyyat əsasən dövrün hadisələrindən qidalandığı üçün, təbii olaraq, bu proseslər ədəbi mühitə də təsir edirdi.

   Realist ədəbiyyatımızın XVIII əsrdə Molla Pənah Vaqifin yaradıcılığı timsalında təşəkkül tapması, XIX əsrin əvvəllərindən formalaşan maarifçilik ideyaları, Mirzə Fətəli Axundzadə yaradıcılığında dramaturgiyanın təşəkkül tapması, “Əkinçi” qəzeti ilə milli mətbuatın əsasının qoyulması XX əsr ədəbiyyatımız üçün möhkəm zəmin yaratmışdı.

   Azərbaycan Xalq Cümhuriyyətinin süqutu (1920), ölkəmizin sovetləşməsi, repressiya, deportasiya, eləcə də ədəbiyyatımızda sosialist-realizminin hakim mövqeyə keçməsi ictimai-siyasi, ədəbi-mədəni həyatımızın gerçəkləri idi. Belə mürəkkəb dövrdə, 30-cu illərin sonlarında ədəbiyyata gələn görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev öz yaradıcılığı ilə böyük bir missiya daşıyırdı. Yazıçının ilk mətbu hekayəsi olan “Berlində bir gecə” əsəri də bu dövrün məhsuludur. Ancaq böyük ədibi ədəbiyyat aləmində daha geniş tanıtdıran onun “Kənddən məktublar” kitabı olmuşdur. Kitabda gənc müəllifin 9 hekayəsi yer almışdı. “Kənddən məktublar”la “İşıqlı yollara doğru əmin addımlarla addımlayan mahir yazıçının müxtəlif illərdə qələmə aldığı “Bizim qəribə taleyimiz”, “Mahnı dağlarda qaldı”, “Xurşudbanu Natəvan”, “Şeyx Xiyabani”, “Atayevlər ailəsi”, “Mənim günahım”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Bizim qəribə taleyimiz”, “Büllur sarayda”, “Hökmdar və qızı” və digər ideya-sənətkarlıq baxımından yüksək dəyərə malik əsərlər ədəbiyyat xəzinəmizi zənginləşdirmişdir.

   Ədəbiyyat tariximizdə lirik-psixoloji üslubun təşəkkülündə İlyas Əfəndiyev mərhələsi zənginliyi, əhatə dairəsi ilə xüsusilə seçilir. Onun obrazları sovet Azərbaycanında insan psixologiyasının açılımı, onun mənəvi dünyasının ifadəsi, ülvi hisləri, sevgisi, sədaqəti, dünyagörüşü etibarilə düşündürücüdür. Tənqidçi Əsəd Cahangir ədəbiyyatımızda “insan”ın təşəkkülünü təsnif edərkən protoinsan, insan, postinsan mərhələlərini diqqət mərkəzinə çəkir. Qeyd edir ki, İlyas Əfəndiyevin obrazları “insandanpostinsana keçid dövrünün bütün ağırlığını üzərində daşıyır. Müəllifin hekayələrindəki dərin lirizm, psixologizm, mühitin konturları içərisində əzilən insanların mənəvi təbəddülatları ustalıqla, axıcı dillə təsvir edilir. Təkcə “Yarımçıq qalmış portret haqqında mahnı” hekayəsindəki lirik ovqat, mühitin yükünü çiyinlərində daşıyan qəhrəmanın mənəvi sarsıntıları, sevgisi, yaşantıları, ailə münasibətləri oxucunu uzun müddət təsiri altında saxlayacaq gücdədir. “Sarıköynəklə Valehin nağılı”na “qulaq asmaq” insanı folklorla səsləşən möcüzəli dünyaya aparır. Onun əsərlərindəki mövzu müxtəlifliyi, fərqli talelər yaşayan insanların ortaq düşüncəsi Azərbaycan insanının milli düşüncəsinin, mənəvi aləminin dolğun bədii ifadəsidir.

   İlyas Əfəndiyevin qədim və zəngin tarixi keçmişimizin müxtəlif dövrlərini mövzu alan əsərləri tarixi nəsr və dramaturgiyanın uğurlu nümunələridir. Onun əsərləri sovet dövründə də, müstəqillik illərində də ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə yüksək şəkildə dəyərləndirilmişdir. Tanınmış dilçi alim, professor Qəzənfər Kazımov vurğulayır ki, tarixi mövzulu nəsr əsəri tarixi tədqiqatdan daha çox oxunur. Buna görə də tarixi tədqiqatda səhv etmək olar, amma tarixi nəsrdə səhv etmək olmaz. Sovet dönəmindən bəri Azərbaycan oxucusu bir çox tarixi və ədəbi şəxsiyyətlərimiz, dövr, hadisələr haqqında ilkin informasiyanı tarixi mövzulu əsərlərdən almışdır. Nəzərə alaq ki, M.P.Vaqifi tarixi mənbələrdən daha çox Səməd VurğununVaqif” dramından tanıyan Azərbaycan oxucusunun düşüncəsinə müdaxilə etmək kimi çətin məqamlar vardır. Bu mənada İlyas Əfəndiyevin tarixi mövzuluXurşudbanu Natəvan”, “Şeyx Xiyabani”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” kimi dram əsərləri, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestləri tarixi dövr-müasir gerçəklik-yazıçı mövqeyi prizmasından yanaşdıqda janr qarşısında ədəbiyyatşünaslığın qoyduğu tələblərin də gözlənildiyi dəyərli örnəklərdir. Bu əsərlərdə həmçinin tarixi şəxsiyyətlərin həyatı, mühiti, fəaliyyəti haqqında bitkin fikir yaradılmış, tarixi kolorit qorunmuş, dövrə uyğun gerçəkliklər, dil faktları nəzərə alınmışdır.

   Xurşudbanu Natəvan” (1980) dramında Qarabağın şairə qızı Natəvanın həyatı, yaradıcılığı, Qarabağ xanlığının tarixibu kontekstdə Natəvanın rolu kimi məqamlar dəqiqliklə, həssaslıqla, dövrə uyğun şəkildə verilmişdir. Qarabağ xanlığının tarixindən, İbrahimxəlil xanın fəaliyyətindən, Vaqifin saraydakı missiyasından və yaradıcılığından bəhs edən xeyli sayda əsərlər yazılsa da, İlyas Əfəndiyevin məlum əsərində üslubi özünəməxsusluq, fəal vətəndaşlıq və ziyalı mövqeyi, keçmişə sayğı, xalq yaradıcılığından uğurlu bəhrələnmə əsərin orijinallığını şərtləndirən başlıca cəhətlərdəndir.

   Ötən əsrin əvvəllərində Cənubi Azərbaycandakı Məşrutə hərəkatının tarixindən, Şeyx Məhəmməd Xiyabaninin həyat və fəaliyyətindən bəhs edən tarixi mövzulu əsərlər içərisində İlyas Əfəndiyevin “Şeyx Xiyabani” dramı önəmli yer tutur. Əsər tarixi reallıqların dolğunluqla əksi, fəal yazıçı mövqeyinin bədii mətnlə uzlaşması, dövrə aid mənbələrdən istifadənin yaratdığı tarixi aura ilə dramaturgiyamızın yaddaqalan nümunəsidir.

   İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbi fikir tarixində birona görə səciyyəvidir ki, o, Qarabağ mövzusunu bədii ədəbiyyata gətirdi, müəllifin özübu mövzuda çoxsaylı əsərlər qələmə aldı. Ədibin belə əsərlərindən biri də “Hökmdar və qızı” (1994) pyesidir. Əsərdə Qarabağ xanlığının tarixi salnaməsi çoxsaylı tarixi sənəd, mənbə və məktublara dayanılaraq yaradılmışdır. Təsadüfi deyil ki, 20 sentyabr 1997-ci ildə Azərbaycan ədəbiyyat və mədəniyyətinin böyük hamisi, ümummilli lider Heydər Əliyev “Hökmdar və qızı” tamaşasına baxmış, yaradıcı heyətlə görüşmüş, İlyas Əfəndiyev yaradıcılığı və səhnə əsəri haqqında yüksək fikirlərini dilə gətirmişdir.

   Tarixi dramlara dair tədqiqatlarda İlyas Əfəndiyevin əsərlərindən də geniş şəkildə bəhs olunmuşyekdil fikir ondan ibarətdir ki, dramaturqun pyeslərinin uğurlu səhnə taleyinin kökündə güclü ədəbi mətn dayanır. Güclü mətn isə əsərdə yaradılan tarixi koloritin zənginliyinə əsaslanır.

   Azərbaycan ədəbi fikrində povest janrının yaddaqalan nümunələri mövcuddur. Bu janrla bağlı aparılan tədqiqatlarda da qeyd olunduğu kimi povestin tarixi, sənədli, xroniki, xatirə kimi növləri vardır. Dünya ədəbi təcrübəsində “uzun hekayə” kimi dəyərləndirilən povest daha çox postsovet məkanında bu cür adlandırılmışdır. Janrın tarixi mövzulu nümunələri içərisində özünəməxsus yazı üslubu, mövzu aldığı tarixi dövrü, şəxsiyyətin həyat və fəaliyyətini əhatə etməsi, tarixi dövrmüasir gerçəkliyin sintezi ilə diqqətçəkən əsərlər içərisində İlyas Əfəndiyevin “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestlərinin də xüsusi yeri vardır.

   Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestində müəllif Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus dəst-xətti olan tarzən Sadıqcanın (1846-1902) həyat və sənət yolundan bəhs edir. Yazıçı bu əsərlə şəxsiyyətin tarixdəki roluna uyğun şəkildə və təbii ki, özünün bədii təxəyyül imkanlarından da istifadə edərək oxunaqlı bir nəsr nümunəsi yaratmışdır. İlyas Əfəndiyev nəsrində, bütünlükdə yaradıcılığında olduğu kimi, lirik-psixoloji üslubXan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestində də müəyyən səviyyədə təzahür edir. Əsərin mətni ilə tanışlıq əminliklə belə qənaət formalaşdırır ki, müəllif çoxsaylı mənbələrə, dövrə aid sənədlərə müraciət etmiş, Sadıqcanın obrazını dövrün, mühitin fonunda dolğunluqla yarada bilmişdir. Ədibin yaradıcılığına hakim olan tərbiyəvilik bu əsər üçün də səciyyəvidir. Ailəli, iki övladı olan Sadıqcan xan qızı Gülsənubərin məhəbbəti qarşısında öz iradəsi, təmkini, Azərbaycan kişisinə məxsus xarakteri ilə dayanır. Düzdür, onun tərəddüdləri də var. Əsərin son cümləsində deyilir ki, Gülsənubər “Onu da hiss edirdi ki, böyük Allahın seçib, ülvi ruh bəxş etdiyi o tarzən özübu nakam məhəbbətin nisgili ilə mütəəssirdir...”. Bu epizod həm də onu göstərir ki, Qarabağın gül ətirli qızı Sadıqcanın iradəsi sayəsində məhəbbətinin nakamlığını qəbul edir, bir ailənin dağılmasına yol vermir. Sadıqcan isə öz növbəsində ağıl və hissin mübarizəsində ağılın diktəsinə qulaq asır. Çünki bu ağılın arxasında minillik ailə, əxlaqi dəyərlər dayanır.

   Əsər Qarabağ mühiti haqqında bitkin fikir formalaşdırır. Hətta bölgənin adət və mərasimləri haqqında da mətn daxilində bəlli informasiyalar verilir. Yazıçının ümumi yaradıcılığına xas olan folklor xəzinəmizdən, zəngin xalq yaddaşından, klassik ədəbi irsimizdən bəhrələnmə bu povestdə də uğurlu şəkildə bədii həllini tapmışdır. Eyni zamanda əsərdə musiqi tariximizdən bəhs olunur, məşhur xanəndə Hacı Hüsünün (1839-1898) müşayiətçisi olan tarzən Sadıqcanın tarixi xidməti Gülsənubərin dilindən xatırlanır: “...İndiyəcən tarı diz üstə qoyub çalırdılar, amma sizin kəşfinizdən sonra tar sinəyə qalxdı”.

   Azərbaycan ədəbiyyatının zəngin xəzinəsi olan İlyas Əfəndiyev yaradıcılığı milli tarixi-mədəni yaddaşın ifadəsi baxımından böyük dəyərə malikdir. Ədibin əsərləri ədəbiyyat salnaməmizə mühüm töhfələr verməklə yanaşı, Azərbaycan teatrının da inkişafında müstəsna rol oynamışdır. Elə bu həqiqətin ifadə olaraq dövlət başçısının 16 yanvar 2014-cü il tarixli sərəncamı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunmuşdur. Ədibin 100 illik yubileyi UNESCO-nun 2014-2015-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı proqramına daxil edilmiş, 2014-cü il mayın 19-da Parisdə, təşkilatın baş qərargahında təntənəli mərasim keçirilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, İlyas Əfəndiyev bənzərsiz yaradıcılığında milli və bəşəri dəyərləri ehtiva etməklə mühitzaman hüdudlarına sığmayan ədib olduğunu sübut etmişdir.

  

   Əli Həşimov

   AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2017.- 26 may.- S.10.