Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə

 

 

   Yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində tapşırıqlar verildi    

   “Turizm məkanlarında, açıq havada təşkil olunan konsert və sərgilərin sayı artırılmalıdır”  

   Mayın 30-da Xaçmaz şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılmışdı.  

   Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edildi və qarşıda duran vəzifələr müzakirə olundu. Həmçinin regional idarələrin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə iştirakı dəyərləndirildi.

   Nazir müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində vacib işlər həyata keçirilir. Regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. Vurğulandı ki, mütəmadi olaraq keçirilən belə müşavirələr görülən işlərin təhlil olunması və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətlidir.

   Əbülfəs Qarayev ölkəmizdə turizm sahəsində həyata keçirilən işlərdən də danışdı. Qeyd etdi ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində addımlar davam etdirilir. Ölkəmizə gələn turistlərin sayının artırılması, onlara göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülür. Regional idarələr də yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdırlar.

   Bildirildi ki, regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır.

   Müşavirədə həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində müvafiq tapşırıqlar verildi.

   Regional idarələrin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə etdi ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.

   Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildirdilər. Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səsləndi, qarşıda duran vəzifələrin icrası nəzərdən keçirildi, fikir mübadiləsi aparıldı.

   Sonda nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırdı. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verildi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 31 may.- S.3.