Parisdə Firəngiz Əlizadənin yubileyinə həsr edilmiş konsert

 

 

 

   Parisdə fəaliyyət göstərən “Dmitri Şostakoviç” adına müasir musiqi mərkəzində Azərbaycanın Respublika Günü və görkəmli bəstəkar Firəngiz Əlizadənin 70 illiyi münasibətilə pianoçu Olqa Domninanın konserti təşkil olunub.

   Konsert proqramına D.Şostakoviçin tələbələri Qara Qarayev və Firəngiz Əlizadənin orkestr üçün əsərlərinin bəstəkar Vladimir Geninin fortepiano üçün işləmələri daxil edilib.

   Qeyd edilib ki, Vladimir Geninin azərbaycanlı bəstəkarların orkestr üçün yazılan əsərləri əsasında hazırladığı fortepiano üçün işləmələrin ilk təqdimatı Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Bugünkü konsert isə əsərlərin Avropada ilk təqdimatıdır.

   Beynəlxalq müsabiqələrin iştirakçısı Olqa Domnina İtaliyanın nüfuzluSan Bartolomeo” müsabiqəsinin laureatıdır. O, Qnesinlər adına Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Londondakı Kral Akademiyasında davam etdirib. Akademiyanın şurası tərəfindən “ən yaxşı solo ifaçı” nominasiyasında “Mekferren” mükafatına layiq görülüb.

   Konsertdə Firəngiz Əlizadənin 1-ci sonatası və piano üçün musiqisi, Qara Qarayevin 22-ci və 24-cü prelüdləri, eləcə də Vladimir Geninin Qara QarayevinYeddi gözəl” baleti əsasında fortepiano üçün işləmələri ifa edilib.

   İştirakçılar konsertin afişası üzərində Firəngiz Əlizadəyə 70 illiyi münasibətilə ürək sözlərini yazıblar.

  

 

Mədəniyyət.- 2017.- 31 may.- S.4.