Beynəlxalq yarışmanın 8 yaşlı diplomçusu

 

 

   ... Bilir ki, gəlişimin səbəbkarı odur. Amma özünü 8 yaşlı bir uşağın bacardığı qədər ciddi və təmkinli aparır, böyüklərin söhbətinə qarışmaq istəmir. O biri otaqda özünü televizordakı cizgi filmini izləyirmiş kimi göstərməyə can atır. Belə ağıllı, tərbiyəli uşağın səbrini zorlamağa dəyərmi? Yox, dəyməz. Çağırıram:

   - Asim, orda niyə oturmusan? Gəl xalanın yanına... Rasim, sən gəl...

   Asim , böyük qardaşı Rasim həvəslə yanımıza gəlirlər. Bəs necə?! Heç ömrün ilk müsahibəsini uzaqdan izləyərlər?

   Asim Rzazadə bu ilin aprel ayında BakıdaKainatGənclik Mərkəzinin təşəbbüsü ilə keçirilən İslam dünyası gənc klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsinin qaliblərindən biridir. Belə baxanda bu qələbədə qeyri-adi heç yoxdur. Azərbaycanda o qədər istedadlı uşaq var ki, onları dünyanın hansı sənət yarışmasına yollasalar, əliboş geri dönməzlər. Sadəcə, Asim hələ yaşıdlarına məsləhət görülməyən nəfəsli alət - klarnet üzrə təhsil alır, özü G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin 2-ci sinif şagirdidir. Üstəlik, müsabiqə iştirakçıları arasında onun daxil olduğu yaş qrupu üzrə heç bir iştirakçı olmadığından Asim 20 yaşınadək (!) olan "rəqibləri" ilə yarışıb qaliblərdən biri olub.

   Asimin anası Ruqiyyə xanım peşəkar skripkaçı musiqi müəllimidir. Nənəsi Rübabə xanım da tar üzrə paytaxtımızın tanınan pedaqoqlarındandır. Deməli, Asimin bu istedadını irsi hesab etmək olar. Amma bu yaşda uşaqlar nəfəsli alətlərə o qədər həvəs göstərmirlər, üstəlik, nəfəsli alətdə ifa onlar üçün bir qədər erkən sayılır. Bu fikirlərimi musiqiçi-pedaqoq ana ilə bölüşürəm:

   - Asim hələ iki yaşından musiqiyə maraq göstərib. Heç klarnet sözünü deyə bilmirdi, elə "düt-düt" deyirdi... Artıq 4 yaşında oyuncaq tütəyi çalmaq istəmədi. Mən də bilirəm ki, nəfəsli alətlər üzrə təhsil adətən 10 yaşından məsləhət görülür. O qədər israr etdi ki, bezib çalışdığım məktəbdə klarnet üzrə tanınmış pedaqoq Vaqif Məmmədova müraciət etdim. Nəhayət, 6 yaşı tamam olandan sonra Vaqif müəllim özü ona əsl tütək aldı və Asimlə məşğul olmağa başladı. Bir neçə aydan sonra da klarneti öyrətməyə başladı. İndi Asimin 8 yaşı var, 258 nömrəli orta məktəbdə III, musiqi məktəbində isə II sinifdə oxuyur. Artıq iki müsabiqədə iştirak edib və fərqlənib.

   - Asim, sən peşəkar musiqiçi olmaq istəyirsən?

   - Bəli. Musiqiçi olacağam.

   Bu yerdə Ruqiyyə xanım yenidən söhbəti davam etdirir:

   - Əslində biz övladlarımızın dünyagörüşü, ümumi savadı üçün onların musiqi təhsili almasını istəmişdik. Lakin görürəm ki, Asim üçün musiqi böyük məna daşıyır. Həm də o, öz alətini tapıb. Çox həvəslə məşq edir, öyrənir, səhnədə çox sərbəst davranır. İnanırsınız, müsabiqədə o səhnəyə çıxanda münsiflər hətta heyrətləndilər ki, bu yaşda belə mürəkkəb proqramla çıxış edir.

   Asim müsabiqədə L.V.Bethovenin "Sonatino"sunu, A.Pyatsollanın "Oblivion" əsərini, "Bəxtiyar" filmindən "Əziz dost" valsını (bəstəkar T.Quliyev) ifa edib. Səkkizyaşlı ifaçı üçün kifayət qədər qəliz olan əsərlərin ifası münsifləri də heyran edib.

   Asifin qardaşı Rasimmusiqi məktəbində fortepiano sinfində oxuyur. Artıq Rzazadə qardaşları məktəb konsertlərində duet olaraq çıxış ediblər. Hər ikisi Azərbaycan Televiziyasının "Bənövşə" uşaq xorunun solistidir. Kiçik qardaşından fərqli olaraq, Rasim musiqiçi yox, riyaziyyatçı olmağı planlaşdırır. Asim isə sənət seçimini dəqiq müəyyən edib. Hamılıqla əyləşib həvəskar çəkilişi də olsa, Asimin müsabiqədəki çıxışını izləyirik. Səhnədə sərbəstlik, musiqini duymaq, orkestri arxasınca aparmaq, ifasındakı artistizm bizə işarə edir ki, Asim düzgün seçim edib. Odur ki, bu adı yadınızda saxlayın: klarnet ifaçısı Asim Rzazadə.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 31 may.- S.11.