“Pəncərə”dən qəlblərə düşən sənət işığı

 

 

   Bir müddət əvvəl açılışını etmiş "Pəncərə" klubu ilk sənət toplantısını mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirdi. "Pəncərədən düşən işıq" adlı poeziyamusiqi gecəsini klubun həmtəsisçisi Günel Anarqızı açdı. O, qonaqları salamlayıb tədbirin məramını açıqladıqdan sonra çıxış üçün ilk sözü Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə verdi.

   İ.Fəhmi öz çıxışına Məhəmməd Füzulidən misal çəkdiyi pəncərəyə dair beytlə başlayaraq, pəncərə fəlsəfəsindən söz açdı, sonra öz şeirini oxudu.

   Həmin axşam şeir oxuyanlar çox idi. Sadəcə, bu dəfə rollar bir qədər dəyişmişdi. Adətən, belə sənət məclislərində şairlər öz şeirlərini, aktyorlar, bədii qiraət ustaları da məclisin məramına uyğun şeirlər söyləyirlər. Bu dəfə isə şairlər özlərindən daha çox başqalarının şeirlərini oxudular, tanınmış aktyorlar isə, sadəcə, çıxış edənləri dinləməklə kifayətləndilər. Heç vaxt auditoriya qarşısında poetik nümunə ilə çıxış etməmiş məşhurlar isə sevdikləri şairlərin şeir boğçasını açdılar.

   BDU-nun dosentlərindən ərəbşünas Fidan Rzayeva anası Nigar Rəfibəylinin, filoloq Aydan Xəndan isə babası Cəfər Xəndanın, atası Rəfiq Zəka Xəndanın şeirlərini dedi. Dirijor, Xalq artisti Yalçın Adıgözəlov, ASAN FM-in direktoru Emin Musəvi, əməkdar artistlər Nərgiz Cəlilova və Tünzalə Ağayeva, memar Elçin Əliyev öz ruh "qohumları" olan Azərbaycan və dünya şairlərinin şeirlərini söylədilər.

   Belə tanınmış insanların yanında poeziya həvəskarı olan gənclərin də çıxışı təşkilatçılar üçün estafetin davamı, dinləyicilər üçün maraqlı, gənclərin özü üçün isə məsuliyyətli məqam idi. Bakının müxtəlif ali məktəblərində təhsil alan Dəniz Məmmədli, Ləman Rzayeva, Hüseynağa Aslanov, Namiq Ələkbərli, Ağaəli Kərimzadə, Sitarə Ağayeva, məktəbli Sezən Məmmədli poeziya ümmanına baş vurdular.

   Tədbirin musiqi sovqatı da rəngarəng idi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova, həmin təhsil ocağının dosenti Elnarə Kəbirlinskaya bəstəkarlardan Klod Debüssinin, Frederik Şopenin Vasif Adıgözəlovun əsərlərini royalda ifa etməklə musiqinin sözsüz poetikası ilə gecəni daha da rövnəqləndirdilər.

   Gecənin sonunda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özünün "XXI əsrin ən nikbin şeiri" adlandırdığı şeirini söylədi.

   ...Tikililərə, binalara pəncərə niyə qoyulur? Dünya işığı, günəş şüası içəri düşsün deyə. Amma binanın içərisi işıqlı olanda ordan da dünyaya nur ələnir... Hiss edirsən ki, içəridə, işıq gələn yerdə həyat var. Eyni ilə "Pəncərə"nin yaydığı işıq kimi.

  

   G.Mirməmməd

 

 

 Mədəniyyət.- 2017.- 31 may.- S.10.