Ankarada beynəlxalq Ramazan festivalı

 

 

 

   Azərbaycanlı heykəltəraş Sait Rüstəmin sərgisi böyük marağa səbəb oldu

  

   Mayın 28-də Ankarada Keçiörən Bələdiyyəsinin ev sahibliyi ilə ənənəvi beynəlxalq Ramazan festivalı başladı. Kalaba meydanında düzənlənən tədbirlər TÜRKSOY-a həsr olunmuşdu.

   Başdan-ayağa bəzənmiş meydanda çadırlar qurulmuşdu. TÜRKSOY günündə öncə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan bəstəkarlarının Esterqon Türk Mədəniyyət Mərkəzində görüşü oldu. İftar yeməyində bir araya gələn bəstəkarlar sonra mərkəzdəki Etnoqrafiya muzeyini ziyarət etdilər.

   Beynəlxalq Ramazan tədbirlərinə “TÜRKSOY Mədəniyyət evi” çadırının açılması ilə start verildi. Açılışda bələdiyyə başqanı Mustafa Ak, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, digər rəsmilər, Azərbaycanın və Qırğızıstanın Türkiyədəki səfirliklərinin əməkdaşları, media nümayəndələri iştirak edirdi. Bu məkanda Azərbaycan heykəltəraşı və rəssamı Sait Rüstəmin əsərlərindən ibarət sərgi də sənətsevərlərə təqdim olundu. Sərgidə nümayiş etdirilən əl işləri böyük marağa səbəb oldu. Heykəltəraş hazırladığı Bilge xaqan heykəlini Mustafa Aka təqdim etdi.

   Bundan başqa, çadırda TÜRKSOY haqqında məlumat kitabları, eyni zamanda qurumun çap etdirdiyi kitablar sərgilənirdi.

   Gecənin təntənəli açılışında qonaqları salamlayan Mustafa Ak bildirdi ki, TÜRKSOY hər il beynəlxalq Ramazan tədbirlərinə qatılır və fəal iştirak edir: “Buna görə onlara təşəkkür edirəm”.

   Düsen Kaseinov isə TÜRKSOY-un Keçiörən Bələdiyyəsi ilə uzun illərə dayanan işbirliyi olduğunu dedi: “Ramazan ayı hər kəsə xeyirli olsun. Könül bağımız olan respublikaları bir araya gətirən bu proqramı düzənləyən, zəhmət çəkən hər kəsi təbrik edirəm”.

   Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Topluluğunun konserti başladı. Əvvəlcə Azərbaycanın “Nəlbəki” xalq rəqsi ifa edildi və Azərbaycan mahnıları tamaşaçılara təqdim olundu. Bundan sonra Türkiyənin xalq rəqsləri səhnə aldı. Konsertin sonunda musiqi kollektivinin Türkiyə bayrağını açması tamaşaçılar tərəfindən alqışla qarşılandı.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 31 may.- S.16.