Yurdunu itirən adam

 

 

 

   Əskişəhərdə Cengiz Dağcı simpoziumu keçirilib

  

   Türkiyənin Əskişəhər şəhərindəki Osman Qazi Universiteti ilə Anadolu Universiteti 16-17 may tarixində “Uluslararası Cengiz Dağcı simpoziumukeçirib.

   Simpoziumun proqramına daxil edilmiş məruzələr arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Aytən Abbasovanın “Cengiz Dağcı yaradıcılığında türkün yurd itkisini milli faciə tipində təqdimi və özünüdərk məsələsi” və AMEA-nın Folklor İnstitutunun əməkdaşı Əli ŞamilinCengiz Dağcının “Qorxunc illər” romanında sovet ideologiyasının ifşası” məruzələri də yer alıb.

   1919-cu ildə Krımın Qurzuf qəsəbəsi yaxınlığında doğulan Cengiz Dağcı Krım Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olsa da, 1939-cu ildə onu hərbi məktəbdə oxumağa göndərirlər. II Dünya müharibəsi başlayanda o, tank taqımının komandiri vəzifəsində savaşa göndərilir. Lakin müharibənin ilk günləri daha hazırlıqlı alman hərbi birlikləri sovet tanklarını asanlıqla məhv edir, sağ qalan əsgər və zabitləri əsir götürür.

   İkinci Dünya müharibəsindən sonra Cengiz Dağcı Londonda yaşayır. Orada kiçik bir yeməkxana işlətməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. 1956-cı ildən başlayaraq Türkiyədə “Yurdunu itirən adam”, “Onlar da insandır”, “Ölümqorxulu günlər”, “O torpaq da bizimdir”, “Kolxozda həyat”, “Badam budağından asılı körpələr” və b. romanlarını, hekayələrini, eləcə də “Mən və içimdəki mən» adlı fəlsəfi əsəri nəşr etdirib. Sovetlər Birliyinin çöküşündən sonra isə əsasən xatirələrinə dayanan bədii əsərlər yazıb.

   2011-ci ilin oktyabrında dünyasını dəyişəndə Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlunun təşəbbüsü ilə yazıçının cənazəsi Londondan gətirilərək doğulduğu kənddə dəfn edilib.

  

   Soltan

 

Mədəniyyət.- 2017.- 31 may.- S.15.