Ölkəmiz İstanbulda beynəlxalq kitab sərgisində təmsil olunacaq

 

 

   4-7 noyabr tarixində İstanbulda 36-cı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

   Ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirak edəcək.

   Hər il sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Azərbaycanın mədəniyyətinin, müasir inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından bu tədbir böyük əhəmiyyət daşıyır.

   Budəfəki sərgidə 36 kvadratmetr sahədə qurulacaq stendimizdə tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək. Həmçinin sərgi-yarmarkada bir sıra tədbirlər nəzərdə tutulub.

   4 noyabr tarixində milli pavilyonda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi münasibətilə tədbir və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuşMolla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “M.P.Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı olacaq.

   Noyabrın 5-də stendimizdə Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildən etibarən həyata keçirdiyi “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə türkcə çap olunmuş 8 kitabın təqdimat mərasimi keçiriləcək.

 

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.2.