“Mənim Azərbaycanım” Moskva səhnəsində

 

 

   Dövlət Rəqs Ansamblı möhtəşəm proqramla çıxış edib

  

   Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva Dövlət Filarmoniyasının P.İ.Çaykovski adına konsert zalının səhnəsində möhtəşəm proqramla çıxış edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan konsert anşlaqla keçib.   

   İki hissədən ibarət “Mənim Azərbaycanım” konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim olunub. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Rusiyanın Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan rəqsləri zərifliyi, incəliyi, eyni zamanda qəhrəmanlıq, mərdlik notları ilə fərqlənir. “Azərbaycan müxtəlif mədəniyyətləri özündə birləşdirən misilsiz mirvaridir. Burada həm Qafqaz regionu, həm Orta Asiya, eləcə də türk xalqlarının mədəniyyətini sezmək olur. Təqdim etdiyimizKoroğlubaleti isə Qafqazda qəhrəmanlıq dastanının süjetixalq rəqsləri əsasında hazırlanmış ilk milli baletdir. Çox şadıq ki, Moskva tamaşaçıları “Mənim Azərbaycanım” konsert proqramını böyük hərarətlə qarşıladı”, - deyə o vurğulayıb.

   Qeyd edək ki, D.Muzakayevin rəhbərliyi ilə rəqs kollektivinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əslən çeçen olan sənətkar bu vəzifəyə təyin olunmazdan əvvəl Azərbaycan mədəniyyətini, incəsənətini və xüsusilə də folklorunu öyrəndiyini deyir: “Əminəm ki, xalq ilə düzgün dialoq aparmaq üçün ilk növbədə onun mədəniyyətinə bələd olmaq lazımdır. Azərbaycanda həm tamaşaçılar, həm də ölkə rəhbərliyi rəqs sənətinə sevgi və qayğı ilə yanaşırlar. Bu isə sənətin inkişafı üçün çox vacibdir. Azərbaycan xalqını səmimiliyinə, xeyirxahlığına, dostluğa qiymət vermək bacarığına görə çox sevirəm”.

   Konsertdə xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri əsasında hazırlanmış rəqslər təqdim olunub. “Qaytağı”, “Nəlbəki”, “Qazaxı” və digər xalq rəqslərimiz xüsusi maraqla qarşılanıb.

   Konsertin sonunda tamaşaçılarKoroğlumilli baletinə baxıblar. Düşmənə qarşı amansızlıq, vətəninə sevgi, sülhsevərlik Azərbaycan Dövlət Rəqs Ansamblı kollektivinin bu yeni layihəsinin əsas süjet xəttidir. Baletin sonunda qadınlar örpəklə səhnəyə çıxıbLaçınmahnısının sədaları altında rəqs edirlər. Səhnə əsəri tamaşaçıya sülh, həmrəylik mesajı göndərir.

 

Mədəniyyət.- 2017.- 1 noyabr.- S.16.