Muzeydə Şövkət Məmmədovanın xatirəsi anılıb

 

 

   Noyabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın (1897-1981) anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirildi.

   Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək Şövkət Məmmədovanın həyat və fəaliyyətindən söhbət açdı.

   Qeyd etdi ki, görkəmli vokalçı operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah İsmayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz qoyub. Bakıda Teatr Texnikumu, habelə respublikada ilk not nəşriyyatı onun təşəbbüsü ilə yaradılıb. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb.

   Bildirildi ki, sənətkarın xatirəsinə hər zaman böyük ehtiram bəslənilir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyası, şəhərimizdəki küçələrdən biri onun adını daşıyır. Şövkət Məmmədovanın 120 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması da bu ehtiramın göstəricisidir.

   Tədbirdə sənətkarın səhnə fəaliyyətini əks etdirən film və fotosərgi nümayiş olundu.

  

   Savalan

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.3.