“Dünənin səhəri”

 

 

   Xalq rəssamı Xanlar Əhmədovun sərgisi açılıb

  

   Oktyabrın 31-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müdiri, Xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” mövzusunda fərdi sərgisi açılıb.  

   Tədbirdə ADMİU-nun tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova X.Əhmədovun yaradıcılığından söz açıb. Bildirilib ki, əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən X.Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib.

   ADMİU-nun professoru Arif Əziz, Xalq artisti Oqtay Mirqasımov, heykəltəraş Namiq Dadaşov və başqaları X.Əhmədovu təbrik edib, tələbələrə görkəmli sənətkarın yaradıcılığından bəhrələnməyi tövsiyə ediblər.

   Sərgidə rəssamın “H.Z.Tağıyev”, “General Şıxlinski”, “Dünya iki nəfər üçün”, “Layla”, “Gənc ailə”, “Pənah xan”, “Tomris ana”, “Qız şar ilə”, “Ana körpəsi ilə”, “Döyüşçü” - ümumilikdə 30-dək əsəri yer alıb.

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.8.