Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olundu

 

 

   Noyabrın 7-də, görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) anadan olmasının 100-cü ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər. Məzarın önünə əklil qoyuldu, tər çiçəklər düzüldü, böyük musiqiçinin xatirəsi ehtiramla yad olundu.

   Anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və yaradıcılığı haqqında danışdı. Bildirdi ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. O, Asəf Zeynallının məsləhəti ilə 1931-ci ildə M.Ə.Sabirin “Məktəbli” şeirinə ilk bəstəsini yazıb, Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini Moskvada davam etdirib.

   Ömrü boyu Azərbaycan musiqisinə bağlı olan bəstəkar tələbəlik illərində Bülbülün təşəbbüsü ilə “Rast”, “Zabul” muğamlarını nota köçürüb. Konservatoriyada dərs deyib, 1958-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra direktoru olub. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz qoyub.

   Ədalət Vəliyev uzun illər görkəmli sənətkarla ünsiyyətdə olduğunu dedi: “Həyat elə gətirib ki, həm Rus Dram Teatrına, həm də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etdiyim dövrdə, daha sonra isə nazirlikdə işlədiyim zaman Tofiq müəllimlə mütəmadi ünsiyyətdə olmuşam. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışardı. Ümummilli lider Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib. Sovet dövründə bəstəkar Əməkdar incəsənət xadimi, sonra Xalq artisti adına layiq görülüb. Azərbaycan Ali Sovetinin deputatı olub. Dəfələrlə təltiflərə layiq görülən sənətkarın yaradıcılığına verilən ən ali qiymət ulu öndər Heydər Əliyevin bəstəkara xəstəxanada olarkən təqdim etdiyiİstiqlalordenidir”.

   Bəstəkarın xatirəsinin əbədiləşdirildiyini deyən nazir müavini diqqətə çatdırdı ki, Tofiq Quliyevin adına musiqi məktəbi, küçə var, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyev bəstəkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdülər.

   Vurğulandı ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Onun mahnıları gözəl qəlbinin, mənəviyyatının təcəssümü idi. İndibu nəğmələr ifaçıların repertuarında geniş yer tutur. Bəstəkar Bakının tərənnümçüsü idi. Özü də müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Tofiq Quliyev beş musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbinoynaq çalarlı musiqiləri dillər əzbəridir.

   Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, 1997-ci ildə bəstəkarın 80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq sənin musiqin yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.4.