Dostluğu və həmrəyliyi tərənnüm edən festival

 

 

 

   Noyabrın 3-də Gəncə şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Bakı Yunus Əmrə İnstitutu, Türkiyənin Gəncə baş konsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV Türk dünyası ənənəvi uşaq oyunları festivalı keçirilib.

   Bu ilin iyulunda Elmi-Metodik Mərkəz və Bakı Yunus Əmrə İnstitutu arasında imzalanan əməkdaşlıq memorandumunda birgə layihələrin keçirilməsi də əksini tapmışdı. Memorandum çərçivəsində keçirilmiş birgə layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələri olan ənənəvi uşaq oyunlarının gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişlənməsi, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və milli adətlərin dəstəklənməsidir. Qeyd edək ki, bundan öncə Qazaxıstanda (Almatı, Astana), Türkiyədə (Əskişəhər) təşkil olunmuş festivalda Azərbaycan da iştirak edib.

   IV festivalın açılış mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Sənan Talıbovun giriş sözündən sonra Türkiyənin Gəncədəki baş konsulu Orhan Işık, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, qonaqlar Amangeldı Mırzabayev və Venera Jamanova çıxış ediblər. Natiqlər festivalın türk dünyası üçün əhəmiyyətini vurğulayıb, dostluq və qardaşlığı tərənnüm edən hadisə adlandırıblar.

   Sonra uşaqlar öz ölkə və bölgələrinə məxsus rəqslər, mahnılar və ənənəvi oyunlar təqdim ediblər.

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.4.