Başladı sələflərimin yarpaq tökümü

 

 

 

   Hər zaman onu görəndə istər-istəməz üzümdə çox qəribə bir sevinc dolu təbəssüm yaranırdı. Çünki maraqlı bir insan olmaqla yanaşı həm də dostluqda, yoldaşlıqda etibarlı idi. Artıq onu sıralarımızda görmürük. Zalım fələk, amansız ölüm onu bizdən çox tez alıb apardı...

   Bir həftə öncə Gəncə Dövlət Kukla Teatrının qarşısında görüşüb teatrın fəaliyyəti haqqında yazmaq istədiyimi ona bildirəndə başını aşağı salıb gülümsədi və dedi: “Yeni tamaşanın premyerası günü gələrsən. Həm tamaşaya baxarıq, həm də müsahibə verərəm”. Heç düşünməzdim ki, belə tez sıralarımızı tərk edib, ölümə yoldaş olub gedəcəksən. Bu gedişin bizi odlara qərq etdi. Düşünə bilmədiyin andaca kül etdi. Çünki sənə ölümü belə tez yaraşdırmaq olmazdı.

   Bayram Fətəliyev 15 yanvar 1959-cu ildə Gəncədə dünyaya gəlib. 1991-ci ildən Gəncə Dövlət Kukla Teatrına rəhbərlik edirdi. Bu müddət ərzində kiçik kollektivi olan teatr özünün intibah dövrünü yaşayıb.

   Respublikamızda fəaliyyət göstərən beş kukla teatrından biri Gəncədədir. Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli qərarı ilə yaradılan teatr şəhərin gözəl memarlıq nümunələrindən olan alman lüteran kilsəsinin binasında yerləşir. Bina 1885-ci ildə Gəncədə yaşamış almanlar tərəfindən inşa edilib. Bayram Fətəliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Gəncə Dövlət Kukla Teatrının kollektivi Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına hər zaman xidmət edib. Onun rəhbərliyi dövründə teatrın repertuarı zənginləşdirilmiş, bir-birindən maraqlı 100-ə yaxın səhnə əsəri hazırlanmışdır. Xalq nağılları əsasında tamaşaya qoyulan “Qız qalası”, “Məlikməmməd”, “Göyçək Fatma”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, Nizami Gəncəvinin “Gül və zəhər”, “Xeyir və Şər”, Əli Səmədlinin “Artıq tamah baş yarar”, “Əhmədin vəfalı xoruzu”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Rafiq Səməndərin “Çətin məsələ”, Rəhman Əlizadənin “Keçəlin toyu”, dünya ədəbiyyatı nümunələrindən olan N.Kassionunİki dəcəl şirciyəz”, A.S.Puşkinin “Qızıl balıq” və digər əsərlərin uğurlu səhnə taleyi məhz Bayram Fətəliyevin yaradıcı kollektivlə birgə gərgin zəhmətinin bəhrəsi idi.

   Gəncədə kiçik aktyor heyəti ilə körpələrin estetik zövqünün formalaşmasında, onların dünyagörüşünün zənginləşməsində bu teatrın rolu böyükdür. Teatrda hər il Yeni ilin gəlişi münasibətilə “Karnaval, karnaval”, Novruz bayramı münasibətilə “Novruz gəlir, yaz gəlir”, həmçinin 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş “Dünyanı uşaqlara verək”, məktəblilərin tətil günlərinin maraqlı keçməsi üçün “Ən yaxşı uşaq tamaşalarına baxış” devizi altında silsilə tamaşaların nümayiş etdirilməsi ənənə halını almışdır.

   Bayram Fətəliyevin rəhbərliyi ilə teatrın uğurlu fəaliyyətini şərtləndirən amillərdən biriiştirak etdikləri festivallar, əldə etdikləri nailiyyətlər idi. 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilən Şərq xalqları kukla teatrlarının festivalında, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində beynəlxalq kukla teatrları festivalında uğurlu iştirakları bu qəbildən idi. Bundan əlavə, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi kukla və kölgə oyunları festivalında, 2004-cü ildə Bursada 10-cu Beynəlxalq qaragöz kukla və kölgə oyunları festivalında Azərbaycan mədəniyyətinin uğurla təmsil edilməsi də Bayram Fətəliyev kimi bir sənət fədaisinin və yaradıcı kollektivinin böyük nailiyyəti idi.

   O, hər zaman yaradıcılıq axtarışında idi. Bunun nəticəsi idi ki, bir-birinin ardınca bir sıra teatr festivallarına dəvətlər alır və maraqlı çıxışları ilə diqqət mərkəzində olurdu. Kollektiv 2005-ci ildə Bolqarıstanda “Sehrli pərdə” uşaq tamaşaları festivalının və Ukraynada təşkil edilən “Milli klassiklər kukla teatrlarının səhnəsində” teatr tədbirinin fəal iştirakçısı olmuş, 2008-ci ildə “Keçəlin toyu” tamaşası ilə Ukrayna, 2009-cu ildə “Artıq tamah baş yarar” əsəri ilə Bolqarıstanda qastrol səfərlərində uğurla çıxışlar etmişdir. Ukraynada keçirilən festivalda teatrMilli adət-ənənələrin qorunub saxlanılması” nominasiyasında diploma layiq görülmüşdü. Bayram Fətəliyev hər zaman bu festivallarda iştirak etməklə bərabər, dünya kukla teatrı sənəti ilə bağlı əldə etdiyi nəzəri, praktiki bilik və bacarıqlarını doğma teatrında tətbiq edirdi. Deyirdi ki, hər belə tədbirdə iştirak etmək müəyyən mənada görüb-götürmək, yeni nə isə öyrənmək baxımından çox əhəmiyyətlidir. Xarici ölkə teatrları ilə tanışlıq teatr kollektivinin inkişafına müsbət təsir göstərməklə yanaşı, həm də teatrın yaradıcılıq potensialını artırmış olurdu.

   Sözsüz ki, bu gün teatrın uğurlu fəaliyyətini şərtləndirən əsas faktorlardan biri tamaşaçı auditoriyasıdır. Bu da öz növbəsində hazırlanan tamaşalardan, repertuar siyasətindən asılıdır. Elə bu səbəbdən də Bayram Fətəliyev teatra rəhbərlik etdiyi müddətdə repertuar siyasətini daim diqqət mərkəzində saxlamağı bacarırdı. Hər zaman teatrın repertuar planı əsasən yerli, klassikxarici ölkə müəlliflərinin əsərlərinə əsaslanırdı. O həm də çox gözəl anlayırdı ki, bu gün hər hansı bir formada kukla teatrı üçün rejissoraktyor tapmaq, onu teatra cəlb etmək olduqca çətindir. Hər zaman bir rəhbər olaraq kollektivin problemləri ilə yaxından maraqlanar və ən müxtəlif məsələlərin həllinə çalışardı.

   Yaxşı xatırlayıram ki, hər dəfə onunla görüşəndə mütləq şəkildə teatrın müəyyən problemləri haqqında danışar, fikir mübadiləsi edərdik. Tamaşaçı qıtlığından söhbət düşəndə hər dəfə gülümsəyər və deyərdi: “Uşaqların teatra marağını artırmaq üçün mütəmadi olaraq uşaq müəssisələri ilə əlaqə saxlamaq lazımdır. Uşağa onun başa düşəcəyi tərzdə söz və ifadəni demək, göstərmək gərəkdir. Bu gün, müasir dövrümüzdə texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqların intellektual səviyyəsi də yüksəlir, tələbi artır. Buna görə də teatrda uşağa elə tamaşalar göstərməlisən ki, yaxşı mənada, onu təəccübləndirə biləsən”. Bu sözlər Bayram Fətəliyevin bir daha sənətinə və teatrın yaradıcılığına göstərmiş olduğu məsuliyyət, diqqət və qayğısından xəbər verirdi.

   Bu il sentyabrın 19-da Gəncə Dövlət Kukla Teatrı özünün 32-ci teatr mövsümünə start verdi. Həmin gün mən də teatrda idim. Çox həyəcanlı idi. Bu həyəcanı onun gözlərindən oxumaq və titrəyən əllərindən hiss etmək mümkün idi. Çox böyük şövqlə yeni mövsümdə təqdim ediləcək tamaşalardan danışırdı. “Şəngülüm, Şüngülüm”, “Qumral quzunun kələyi”, yeni hazırlanan tamaşalardanPinokkionun sərgüzəştləri”, daha sonra yerli yazar Sahib İbrahimlinin “Səlim və sehrbaz”, habelə “Çipollino”, “Qırmızıpapaq” kimi məşhur əsərlərin balacalara təqdim olunacağını deyirdi. Gözlərində olan böyük sevinc hissi ilə teatrın aktrisası Mahirə Haqverdiyevanın ilk rejissor işi olanCik-cik xanımın nağılı”nın da artıq hazır olduğunu bildirdi.

   Yazının əvvəlində qeyd etdiyim kimi, o, məni yeni tamaşanın premyerasına dəvət edib və müsahibə verəcəyinə söz vermişdi. Ancaq vədinə əməl edə bilmədi. Ölüm adlı birinin yoluna yolçu olaraq uzun, uzaq və məkanı bilinməyən bir səfərə çıxdı.

   Bu dəfə premyeranı sənsiz edəcəyik. Sənin ruhunun qarşısında son imtahan tək. Başladı sələflərimin yarpaq tökümü. Ruhun şad olsun.

  

   Anar Bürcəliyev

   Teatrşünas

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.12.