Azərbaycan-Gürcüstan mədəni əməkdaşlığı müzakirə edilib

 

 

 

   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

   Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyəti müzakirə olunub, əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

   Nazir müavini Sevda Məmmədəliyeva 23 noyabr tarixində UNESCO-nun Parisdəki baş qərargahında Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə keçiriləcək tədbirlər barədə səfirə məlumat verib.

   Qeyd edək ki, Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinin qeyd olunması Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə UNESCO-nun Yubileylər proqramına salınıb.

   Səfir Teymuraz Şaraşenidze tədbirlərin təşkilində uğurlar arzulayaraq səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib.

 

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.5.