UNESCO-da Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinə həsr edilən sərgi

 

 

 

   Parisdə, UNESCO-nun baş qərargahında almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə sərgi açılıb. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

   Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov çıxış edərək sərginin müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesaj olduğunu bildirib. O, almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. Almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsindən söz açıb. Bildirilib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar ölkəmizdə bir neçə kilsə də tikiblər. Azərbaycan hökuməti ölkədə yaşayan bütün millidini azlıqlara lazımi şərait yaradılması üçün zəruri tədbirlər görüb.

   Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyindən söz açan səfir dövlət müstəqilliyini bərpa edən ölkəmizin elə ilk gündən xarici işğala məruz qaldığını diqqətə çatdırıb. İqtisadihumanitar problemlərlə üzləşən Azərbaycanın bütün çətinliklərə sinə gərdiyini və humanitar yardım alan ölkədən humanitar yardım edən ölkəyə çevrildiyini qeyd edib. O, ölkəmizin UNESCO-nun layihələrinə maliyyə dəstəyindən də danışıb.

   Mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla UNESCO arasında mühüm əməkdaşlıqdan söz açan Anar Kərimov ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayır.

   İki ildən bir ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb və gələn il onun 10 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalanıb.

   UNESCO baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt sərginin Azərbaycanı yaxından tanımağa imkan verdiyini bildirib. O, Azərbaycanı təşkilata üzv olmasının 25 illiyi münasibətilə təbrik edib. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa töhfəsindən danışıb.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub.

   Sonra tədbir iştirakçıları gənc pianoçu Etibar Əsədli və Vurğun Vəkilovun ifasında səsləndirilən Azərbaycan və alman bəstəkarlarının klassik musiqi əsərlərinin sədaları altında sərgi ilə tanış olubfikir mübadiləsi aparıblar.

   Sonda Erik Falt bildirib ki, Azərbaycan haqqında zəngin təəssürat yaradan sərgi alman təsirinin müxtəlif aspektlərini də əks etdirir. “Sərgi Azərbaycanın multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da UNESCO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür”, - deyə E.Falt vurğulayıb.

   UNESCO baş direktorunun köməkçisi onu da qeyd edib ki, Azərbaycan UNESCO-nun fəal tərəfdaşıdır və mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfələr verib.

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.4.