Fəxri xiyabanda Fikrət Əmirovun xatirəsi anıldı

 

 

   Noyabrın 22-də Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 95 ili tamam oldu. Bu münasibətlə sənətkarın Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirildi.

   Mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri məzarın üzərinə gül-çiçək dəstələri qoyaraq sənətkarın xatirəsini ehtiramla yad etdilər.

   Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə vurğuladı ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğammuğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir.

   Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli qeyd etdi ki, Fikrət Əmirovun yaratdığı zəngin musiqi əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi mərhələ təşkil edir.

   Bəstəkarın bacısı Şəfiqə Daşdəmirova sənətkarın xatirəsini əziz tutan insanlara, yubileylə bağlı mədəniyyət tədbirlərinin təşkilatçılarına minnətdarlığını bildirdi. Vurğuladı ki, bəstəkarın bütün yaradıcılığı onun doğma torpağına və milli ruhuna bağlı idi.

   Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi, Əməkdar incəsənət xadimi Cəmil Əmirov anım mərasiminə gələnlərə minnətdarlığını bildirdi.

   Qeyd edək ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında yazdığı “Sevil” operası ilə o, Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir.

   Bəstəkar həmçinin musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Yaratdığı simfonik muğam janrı “Şur”, “Kürd-Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.

   Fikrət Əmirov SSRİ və Azərbaycanın dövlət mükafatlarına, SSRİ Xalq artistiSosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülüb.

   Bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib. Hazırda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı görkəmli musiqiçinin adını daşıyır.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.5.