Qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq festivalına yekun vurulub

 

  Noyabrın 23-də Gənc Tamaşaçılar Teatrında qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti keçirilib.

   Əvvəlcə yaradıcı qaçqın və məcburi köçkünlərin əldə etdikləri uğurlarla bağlı videoçarx nümayiş olunub. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, dövlətimiz gənclərin problemlərini daim diqqət mərkəzində saxlayır və onların həllində lazımi kömək göstərir. Bunun nəticəsində Azərbaycan gəncləri istər ölkəmizdə, istərsə də xaricdə müxtəlif sahələrdə uğurlara imza atırlar. Qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq potensiallarının üzə çıxarılması ilə bağlı bir sıra layihələr həyata keçirilir. Festivalın bundan sonra iki ildən bir keçiriləcəyini qeyd edən nazir müavini müsabiqədə uğur qazanan gənclərin gələcəkdə Azərbaycanı ölkəmizin hüdudlarından kənarda da layiqincə təmsil edəcəklərinə inamını bildirib.

   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar artist Gülüstan Əliyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıblar.

   Sonra qaçqın və məcburi köçkün gənclər arasında rəsm, musiqi, rəqs müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

   Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.3.