Tanınmış kamança ifaçısının yaradıcılıq gecəsi

 

 

   Noyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış kamança ifaçısı, Xalq artisti, professor Şəfiqə Eyvazovanın yaradıcılıq gecəsi keçirilib.

   “Mədəniyyət” telekanalının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söhbət açılıb.

   Bildirilib ki, Bakıda dünyaya göz açan Şəfiqə Eyvazova kamança ifaçılıq sənətini öyrənmək üçün mükəmməl təhsil alıb. 2 nömrəli Uşaq musiqi məktəbində, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə bu sənətin sirlərinə yiyələnmək üçün böyük səylə çalışıb. 1974-cü ildən konservatoriyanın müəllimi kimi sənətin sirlərini gənc ifaçılara öyrətməyə başlayıb. 1988-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

   Gecə Faiq Sadıqovun dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin ifasında musiqilərlə müşayiət olunub. Orkestrin solisti, sənətkarın qızı Mehri Əsədullayeva bəstəkar və xalq mahnılarını ifa edib.

 

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.6.