Sənətə ülvi tellərlə bağlananda...

 

 

 

   Bu aktyor Azərbaycan kinosevərlərinin yaddaşında daha çox Əhməd obrazı ilə qalıb. O Əhməd ki evlənməmək üçün çamadanını da götürüb qapıdan yox, pəncərədən çıxaraq kəndi tərk edir... “Yoldaş Əhməd Əliyev” - həm də peşəkar sirk ustası Səyavuş Şəfiyev. Bu il onun dünyaya gəlişinin 80 ili tamam oldu...

   Əslən Cəbrayıl qəzasından olan Məmməd Şəfiyev ötən əsrin 30-cu illərində indiki Qubadlı rayonunun Xanlıq kəndində rəhbər vəzifədə çalışır. Dövrün təlatümlü günlərinin birində, 1 sentyabr 1937-ci ildə onun ailəsində bir oğul dünyaya göz açır. Adını Səyavuş qoyurlar... Bir müddət sonra Böyük Vətən müharibəsi başlayır. Məmməd Şəfiyev cəbhəyə gedir. Çətin döyüşlərin birində ağır yaralanır və ordudan tərxis olunur. Beyləqan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. Səyavuş da ibtidai təhsilini burada alır. Sonra atası Azərbaycan KP Mərkəzi Komitəsində şöbə müdiri təyin olunur. Beləliklə, Səyavuş orta təhsilini də Bakı şəhərində başa vurur.

   Valideynləri Səyavuşu hüquqşünas, ya da həkim görmək istəyirdi. Ancaq o, başqa bir sənət arzusu ilə çalışır. Hələ məktəbli ikən dram dərnəyinə, idmana gedir. Dostları isə ona səhnə üçün münasib göründüyünü deyirlər. O, dəfələrlə məktəblər arasında təşkil olunan idman yarışlarına qatılır. Boks üzrə müxtəlif yarışların qalibi olur.

   Günlərin bir günü Moskva şəhərinə gəzməyə gedən S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir və qəbul olunur. Təhsilini başa vurduqdan sonra akrobatika üzrə dərəcə alır. Təyinatla “Soyuzsirk”ə göndərilir. Moskva sirkində tanınmış artistlərlə çalışır və qısa zaman ərzində işinin peşəkarına çevrilir.

   Sənətin sirlərinə dərindən yiyələnən S.Şəfiyev 1972-ci ildə Bakıya qayıdır. Yenicə açılan sirkdə quruluş verdiyi proqramlar böyük populyarlıq qazanır. Burada bir neçə il işlədikdən sonra yenidən Moskvadan dəvət alır. Məşhur “Səhnədə sirkbirliyinin quruluşçu rejissoru təyin edilir.

   Onun peşəkarlığı kinorejissorların diqqətindən yayınmır. İlk dəfə 1963-cü ildə “Əhməd haradadır?” filminə çəkilir. Ekran əsərində Əhməd obrazını canlandıran S.Şəfiyev bu rolu ilə aktyor kimi də tanınır. Filmə görə Moskvada rejissor Adil İsgəndərov tənqidə məruz qalır. Filmburjua-meşşan elementlərinin ifadəçisi” kimi xarakterizə edilir. Ancaq film ekranlara çıxandan sonra tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Aktyor sonralar filmdə yer almasından məmnun olduğunu dilə gətirib: “Taleyimdən çox razıyam. Nə yaxşı ki, o vaxt Adil İsgəndərov məni bu rola çəkdi”.

   Tanınmış sənətkar “Əhməd haradadır?” filmi ilə bağlı başqa bir müsahibəsində deyib: “Əhmədin evdən qaçma səhnəsi çəkilirdi. Pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalı idim. Bu zaman qonşu həyətdəki it hürə-hürə üstümə gəldi. Elə birinci dublda it məni qapdı. Bərk qorxdum. O zaman Adil İsgəndərov dedi: “Qadası, bu səhnə bir neçə dəfə çəkiləcək. Hər dəfə bu it Səyavuşu qapsa, onda can qalmaz...” Görkəmli sənətkarın bu iradından sonra it zəncirə bağlanır çəkiliş uğurlu alınır.

   Aktyor 1968-ci ildəUşaqlığın son gecəsifilmində icraçısı Rüstəm obrazını yaradır. Bu ekran əsəri Gürcüstanda keçirilən festivalda mükafata layiq görülür.

   Araşdırmalarda qeyd olunur ki, xaraktercə çox utancaq olan S.ŞəfiyevUşaqlığın son gecəsifilmində bəzi səhnələrin çəkilişində müəyyən çətinliklərlə üzləşməli olub.

   S.Şəfiyev daha sonraƏn vacib müsahibəfilmində (Altay) çəkilir, habelə “O qızı tapın”, “Nəsimi”, “Qəribə adam”, “Nizamifilmlərində epizodik rollarda çıxış edir.

   Moskvanın sirk kollektivi aktyoru yenidən əməkdaşlığa dəvət edir. Moskva Sirk Birliyinin baş rejissoru təyin olunan S.Şəfiyev bu kollektivlə müxtəlif ölkələri dolaşır. Ancaq hər zaman Bakıya qayıtmaq ümidi ilə yaşayır.

   Bir gün rəhbərlik etdiyi sirk kollektivi ilə Fransada qastrolda olarkən səhər heyət məşqə gəlir. Yoldaşları S.Şəfiyevin gəlmədiyini görüb tələsik mehmanxanaya dönürlər. Bu zaman aktyor döşəmənin üzərində huşsuz vəziyyətdə qalmışdı. Onu Qızıl Aypara Cəmiyyətinin təyyarəsi ilə Moskvaya gətirirlər. Daha sonra Bakıya yola salmaq istəsələr də, o, belə vəziyyətdə getmək istəmədiyini deyir...

   Əməkdar incəsənət xadimi Səyavuş Şəfiyev 24 noyabr 2001-ci ildə dünyasını dəyişir.

  

   Savalan Fərəcov  

  

Mədəniyyət.- 2017.- 24 noyabr.- S.15.