İfaçılarımız Brüsseldə və Parisdə çıxış ediblər

 

 

 

   Noyabrın 24-də Brüssel İncəsənət Sarayında ölkəmizin də iştirakçısı olduğu V Şərq Tərəfdaşlığı Sammitinə həsr olunmuş konsert proqramı təşkil edilib.

   Tədbirin ilk hissəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığına üzv ölkələrdən olan musiqiçilərdən ibarət qrupun ifasında caz musiqisindən nümunələr təqdim edilib. Bu musiqi qrupuna əslən Azərbaycandan olan, Belçika vətəndaşı, tanınmış caz ustası və pianoçu Amina Fiqarovanın rəhbərlik etməsi tamaşaçıların böyük marağına səbəb olub.

   Sonra Şərq Tərəfdaşlığına üzv ölkələrin səfirləri, Avropa İttifaqının rəsmiləri çıxış ediblər. Səfir Fuad İsgəndərov Azərbaycanın klassikcaz musiqisi janrlarında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.

   Tədbirin ikinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən 6 pianoçu tərəfindən bəstəkar Frans ListinHeksameron” əsəri ifa edilib. Təmsilçimiz, 2017-ci il “Gənclər üçün Prezident mükafatı”nın qalibi, istedadlı pianoçu Vurğun Vəkilov öz ifası ilə tamaşaçıları heyran edib.

   * * *

   Parisdəki Bulon-Bilankur protestant kilsəsində isə beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist, tarzən Sahib Paşazadə və Fransada yaşayan pianoçu soydaşımız Səidə Zülfüqarova “Şərqlə Qərb görüşəndə” adlı konsert proqramı ilə çıxış ediblər.

   Konsertdə Fransa, İtaliya klassik musiqi bəstəkarlarının, eləcə də Arif Məlikov, Fərhad Bədəlbəyli, Həsən Rzayev kimi azərbaycanlı bəstəkarların əsərləri və “Segah” muğamı səsləndirilib.

   Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında oxuyub, Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.4.