Fransa ilə mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

 

 

   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Parisə səfəri zamanı Fransanın mədəniyyət naziri Fransuaz Nissen ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

   İki ölkə arasında mədəniyyət sahəsində dörd mühüm sazişin imzalandığını qeyd edən nazir Əbülfəs Qarayev son illərdə Fransa ilə mədəniyyət sahəsində mühüm layihələr həyata keçirildiyini, xüsusilə Heydər Əliyev Fondu ilə birgə Fransanın bir çox bölgələrində Azərbaycan mədəniyyəti günlərinin təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, mədəniyyət, kitabxana, muzey sahələrində əlaqələri daha da dərinləşdirmək lazımdır. Nazir fransız həmkarını Azərbaycana səfərə dəvət edib.

   Fransuaz Nissen mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsində azərbaycanlı həmkarı ilə həmfikir olduğunu deyib, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

   Sonra Əbülfəs Qarayev fransalı həmkarını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada həyata keçirilmiş layihələr, ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələri və bu istiqamətdə beynəlxalq fəaliyyətləri haqqında məlumat verib. O, ölkəmizin qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi üçün bütün layihə və təşəbbüslərə açıq olduğunu vurğulayıb.

   Nazir Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu vurğulayaraq işğal edilmiş Azərbaycan torpaqlarındakı qurama rejimin bu ölkədə təbliğinin qarşısının alınması üçün ciddi addımlar atmasının zəruriliyini diqqətə çatdırıb.

   Görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev iştirak edib.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.5.