Qonaq gəlib dostlar bizə

 

 

 

   Bakılı müəllim və şagirdlərin Gəncədə konsert proqramı

  

   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdləri noyabrın 24-də böyük bəstəkar Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar olaraq Gəncə Musiqi Kollecində konsert proqramı təqdim ediblər.

   Proqramda bəstəkarın "Sevil" operasından Sevilin ariyası, Ü.Hacıbəyliyə həsr olunmuş "Xatirə" elegiyası, “Ekspromt-fantaziya”, "Kor ərəbin mahnısı", "1001 gecə" baletindən parçalar, "Uşaq lövhələri" məcmuəsindən "Vals", "Azərbaycan elləri", "Mən səni araram" mahnıları, “Məhəbbət rəqsi" və başqa əsərləri səsləndirilib. Gənc bəstəkar Ağa Əliyevin bəstəkarın əziz xatirəsinə həsr etdiyi "Xatirə" əsəri və məktəbin ansamblının müşayiəti ilə Sevinc Kərimovanın ifasında "Reyhan" mahnısı da maraqla qarşılanıb.

   Tədbir zamanı Fikrət Əmirov haqqında qısametrajlı film nümayiş olunubQ.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Nərgiz Kərimova bəstəkarın həyat və yaradıcılığından söz açıb.

   Tədbirdə Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Gəncədə fəaliyyət göstərən musiqi məktəblərinin direktor və müəllimləri iştirak edib.

 

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.6.