“Günəş kimi saçan musiqi

 

 

   Noyabrın 27-də Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin (1917-2000) 100 illiyinə həsr edilən “Günəş kimi saçan musiqi” adlı tədbir keçirildi. Yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və ittifaqın təşkilatçılığı ilə gerçəkləşdi.

   Əvvəlcə tədbir iştirakçıları sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

   Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov diqqətə çatdırdı ki, tədbir Prezident İlham Əliyevin bəstəkarın 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncama əsasən təşkil edilib. O, sənətkarın ömür yolu və zəngin yaradıcılığından söz açdı.

   Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxışında bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdı. Qeyd etdi ki, onun könül oxşayan mahnıları, estrada əsərləri, kino musiqisi, operettaları nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da çox sevilib. Bəstəkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, o, kino sənətinə də töhfələr verib. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə musiqilər yazıb. O, eyni zamanda musiqili komediya janrında “Qızılaxtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ellakimi əsərlərin də müəllifidir. Kiçikyaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyib.

   Digər natiqlər diqqətə çatdırdılar ki, böyük sənət fədaisi bütün istedadını yaradıcılığa sərf edərək xalqın hörmət və ehtiramını qazanıb.

   Çıxışlardan sonra böyük musiqiçinin ömür yoluna işıq tutan videoçarx nümayiş olundu. Milli Konservatoriyanın tələbələri Emin Zeynalov, Tamara Muradova, Nərgiz Məmmədova, İsmət Sabirli və başqalarının ifasında bəstəkarın “Azərbaycan”, “Arzular”, “Ayrılmaz dostlarıq biz”, “Axşamlar” və s. mahnıları səsləndirildi.

  

   Savalan

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.7.