“Mən burdayam, İlahi...”

 

 

   Söz” layihəsinin budəfəki tədbiri Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığına həsr olunmuşdu

  

   Noyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşanSöz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçirildi.   

   Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə onun sözlərinə yazılmış musiqi və məşhur şeirlərindən ibarət çələngin təqdimi ilə açıq elan edildi. Əməkdar artistlər Mehriban Zəki və Gülzar Qurbanovanın ifasında səslənən poeziya örnəkləri maraqla qarşılandı.

   Layihənin rəhbəri, şair Nigar Həsənzadə bildirdi ki, həyatda Vaqif Səmədoğlu ilə yaxından tanış olmasa da, müəllifin şeirlərindən ötürülən mesajduyğular sanki bir doğmalıq yaradır. Buna görə də onu tanımayan oxucu belə yaradıcılığı ilə tanış olduqda elə bil şairin özü ilə dialoqdadır.

   Sonra şairin həyat yoldaşı Nüşabə Vəkilova səhnəyə dəvət olundu. O, tədbirin təşkilinə görə təşəkkürünü ifadə etdi. Ümidvar olduğunu bildirdi ki, hər kəs bu gecədən Vaqif düşüncəsinin bir parçasını öz qəlbində apara biləcək.

   Poeziya gecəsi Nüşabə xanımla sual-cavab formasında davam etdi. Qeyd olundu ki, Vaqif sadəliyi və səmimiyyəti çox sevərdi. Çünki sənət süniliyi sevməz.

   Gecə boyu səslənən suallara cavabları həm də şairin sevgi, dünya və həyat haqqında “Son gecə”, “Bakıya duman gəlir”, “Uzaq yaşıl ada” və digər şeirləri, eləcə də bu sözlərə yazılmış mahnılar əvəzləyirdi. Qiraətçilərin ifasında səsləndirilən şeirlər tədbirə xüsusi bir həzinlik qatırdı...

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyli, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut (İsrail), gənc aktyorlar Gülzar Rzayeva, Tural Əhməd və başqalarının çıxışları Vaqif Səmədoğlu poeziyasının musiqi ilə doğmalığını bir daha nümayiş etdirirdi.

   Gecədə vurğulandı ki, Vaqif Səmədoğlu xatirələri, yaddaşlardan silinməyən zarafatları, orijinal deyimləri, bənzərsiz yaradıcılığı ilə hər zaman yaşayacaq.

   Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun”, - deyən şairin şeirləri tədbir iştirakçılarının qəlbini, ruhunu titrətdi...

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.8.