Türkiyə mətbuatında turizm imkanlarımız haqqında yazılar

 

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildə Türkiyədə fəaliyyətə başlayan turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən ölkəmizin turistik imkanlarının tanıdılması istiqamətində işlər davam etdirilir. Qardaş ölkənin mətbuatında mütəmadi olaraq respublikamızla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.

   Bu günlərdə Türkiyənin “Vatan”, “Sözcü”, “İstiklal Gazetesi”, “Dünya”, “Diriliş Postası” və “Yeniçağ” qəzetlərində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalələr dərc olunub. Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın açıqlamaları əsasında hazırlanan və “Azərbaycan türkiyəli yatırımçıları və turistləri gözləyir” sərlövhəli məqalələrdə ölkəmizin turizm potensialı, mövcud infrastruktur haqqında geniş məlumat verilir.

   Yazılarda Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyi, xüsusilə paytaxt Bakının daha da gözəlləşdiyi qeyd edilir. Azərbaycanın sadəcə neftqaz ehtiyatları ilə deyil, qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də dünyada tanındığı vurğulanır. Bildirilir ki, respublikamızda son illər turizm sahəsində xeyli uğurlar əldə edilib. Xarici ölkələrdən, o cümlədən Türkiyədən turizm sahəsi üzrə investorlar üçün geniş potensial var. Azərbaycan eyni zamanda qardaş ölkədən turist axını gözləyir.

   Qeyd olunur ki, turizm nümayəndəliyi tərəfindən ölkəmizin təbliği istiqamətində həyata keçirilən layihələr arasında “Sən də Azərbaycanı gör” adlı kampaniya xüsusilə maraqla qarşılanır.

   Məqalələrdə güclü dostluq və qardaşlıq bağları olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi, qarşılıqlı olaraq investisiya yatırıldığı bildirilir.

   O da diqqətə çatdırılır ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza verilməsinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.

   Qeyd edək ki, Azərbaycanın Körfəz ölkələri üzrə (“Atlantis Holidays”), Almaniya (“Aviareps”), Rusiya Federasiyası (“Tur A Vent”) və Türkiyədə (“Gateway”) turizm üzrə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər ölkəmizin mədəni irsi, turizm imkanları, təbiəti və zəngin mətbəxinin daha geniş coğrafiyada tanınmasında önəmli rol oynayır.

  

   Fariz

  

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.9.