Melodiya-Adam

 

 

 

 Tofiq Quliyev - 100

  

   Qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-Yeni - Tofiq Quliyev!    

   Sənətə gəlişi Ü.Hacıbəyli fenomenli, A.Zeynallı ultralı, Q.Qarayev neo-mogikanlı dövrə təsadüf etsə də, Azərbaycan musiqisinin çox məhsuldar və hədsiz dinamik prosesində, azman bəstəkarların çoxsaylı dövründə “hamı kimi”likdən əlavə, diatonik major-minor orijinallığı ilə seçilən, fizikən ölkəmizin bütün fonoteka-filmoteka-“teatroteka” rəflərində uyuyan (əslində, uyumayan!) zəngin yaradıcılıq irsi bütün “könülo-qəlboteka”larda hər vaxt çağlayan “köhnə” və həmişəmüasir Tofiq Quliyev...

  

   Son 10 ildə qəzetimizdə 3 faktoloji-filoloji yazı ilə xatırladığım bu sənətkarı bu dəfə əsasən xatirələr işığında təqdim etmək fikrindəyəm.

   Amma öncə, bu “hərcür-hərdür” ritmli bəstəkarın “Qaytağı”-“Sevgi valsı”-“Gənclik rəqsi” tezliklərində gəzişəcəyim qısa bir -

  

   “Ənənəvi məqalə”çilik...

  

   1917-ci il noyabrın 7-də Bakıda - mühəndis-iqtisadçı Ələkbər Quliyevlə H.Z.Tağıyevin qızlar gimnaziyasını bitirmiş Yaxşıxanım Mahmudovanın ailəsində doğulub. Bəstəkarlığa 14 yaşında - 1929-da Konservatoriya nəzdindəki fortepiano sinfində təhsil alarkən yazdığı (A.Zeynallının tövsiyəsilə) “Dərsə gedən bir uşaq” mahnısıyla başlayıb. Konservatoriyada eyni zamanda iki fakültədə - fortepianodirijorluq sahələri üzrə təhsil zamanı polifoniya, harmoniya, xalq musiqisimuğam sənətinin sirlərini öyrənib. Dahi Bülbülün rəhbərliyilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqisi nümunələrinin toplanıb-notlaşdırılması işlərində fəal iştirak edib, Ü.Hacıbəylinin şəxsi təşəbbüsü ilə (sonralar müvəffəqiyyətlə bitirib aspiranturasına daxil olaraq elmi müdafiə edəcəyi) P.İ.Çaykovski adına Moskva Konservatoriyasına təhsilə göndərilən bir qrup gənc istedadlar içərisində seçilərək Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərib. 1939-da Bakıya qayıdaraq, Niyazi ilə birgə Azərbaycan Dövlət Estrada Orkestrini yaradıb və bununla da Azərbaycanda caz sənətinin əsasını qoymuş olub. Dövri mətbuatda klassikxalq musiqi sənətilə bahəm, azərbaycanlı dinləyici üçün yeni olan bu janr haqqında da analitik-populyar məqalələrlə çıxış edib. 1941-də “Qırmızı ordu” ansamblını yaradıb, 402-ci diviziyanın tərkibində fəaliyyət göstərən bu ansambl üçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazıb. Qələbədən (1945) dərhal sonra hərb-zərb mundirindən “təğyiri-libas” olaraq, rübabını həmişəyaşar nəğmələr, kantatalar üstə kökləyib. Elə həmin vaxtlardan paytaxt teatrları ilə yaradıcılıq əməkdaşlığına başlayıb və qısa müddətdə 30-dan çox tamaşaya musiqi bəstələyib. Musiqi sənətinin əksər janrlarında yaratdığı şedevrlərin fövqündə isə, əlbəttə, dillər əzbəri, könüllər cövhəri olan mahnıları!..

   Bu “birnəfəsə”lik yorğunluğundan çıxmaq üçün onun dincəliş mahnıları və “fırfıra”vi rəqslərindən, habelə təkrarsız musiqi bəzəyi verdiyi kinofilmlərdən bir neçəsinin adını çəkib, keçəcəm yuxarıda vəd etdiyim xatirə-xatırlama fraqmentlərinə. Mahnılarından: “Sənə də qalmaz”, “Gecələr uzun”, “Neftçilər mahnısı”, “Azərbaycan”, “Bakı”, “Sevgilim”, “Sən mənimsən, mən sənin”, “Axşam görüşlərində”, “Bəxtəvər oldum” və sair. Operettalarından: “Qızılaxtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella!” və b. Filmlərdən: “Görüş”, “Qızmar günəş altında”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Ögey ana”, “Telefonçu qız”, “Nəsimi”, “Qayınana”...

   bütün melodiyaları xalqa qəlb kimi yaxın olan bu sənətkarın həyati-insani notları -

  

   Xatirələrdə...

  

   Qızı Lalə Quliyeva:

   “Hər il atamın ad gününü üç dəfə qeyd edərdik. Pasportunda doğum günü noyabrın 7-si yazılmışdı, nənəmsə deyirdi, mən onu noyabrın 5-də dünyaya gətirmişəm. Pasport tarixçəsinə əsaslananlar təbrikə noyabrın 7-də, qohumlarımız 5-də, çaş-baş qalanlar isə (“bir gün gec-bir gün tez” zarafatlarıyla) ayın 6-da yığışardılar bizə. Anam deyərdi, “ay Tofiq, ay başuva dolanım, noolub, nə xəbərdi, adamın ad günü ildə bir kərə olar, dəə”.

   Evimizdəki iki telefon susmurdu. Yaponiyadan bağışlanmış böyük (masanın yarısını tutan) vazamız ad gününə gələn məktub və teleqramlarla qalaqlanardı.

   Ata-anasının ilki ididünyaya gələndə valideynləri çox çətin bir qərar verməli olublar; hələlik bu yeganə övladlarını illərlə övlad həsrəti çəkən böyük əmisinə veriblər”.

   13-14 yaşına çatanda üç qardaş, iki bacısı olan Tofiqbir sözü iki edilməyən” əmisigildə tək böyüyürmüşbir gün, naz-nemətlə yaşayan bu böyük oğlunun məktəbə həvəs göstərmədiyini eşidən atası onu öz evinə aparmaq məcburiyyətində qalır.

   “Musiqiyə, ədəbiyyata, teatra böyük maraq olan evlərində Tofiq birdən-birə dəyişilir, siniflərində öz fitri istedadı ilə fərqlənir, gözəl ifası, improvizə və bəstələrilə hamını heyran qoyurmuş. 20 yaşı tamam olmamış (1936) konservatoriyanı bitirib. Onun bütün həyatında böyük Üzeyir bəyin çox ciddi rolu olub.

   Niyazi ilə birlikdə (M.İbrahimovun köməyilə) yaratdığı orkestrə musiqiçilər yığanda qərara gəlirlər ki, yaxşı solisti yalnız Bülbülün sinfindən tapa bilərlər. Ancaqklassika adamı Bülbül tələbəsinin caz ansamblına getməsinə icazə verərmi” problemi yaranır və belə qərara gəlirlər ki, onun dərslərində “dinləyici” kimi iştirak edib, müşahidə aparsınlar. Və... onun ən yaxşı tələbəsi (sonralarsa caz ansamblının birinci solisti) Dilarə Bağırbəyova ilə də o vaxt tanış olur. Sənət yolunda başlanan tanışlıq sevgiyə çevrilir. Dilarə xanımın atası sovet rejiminin qurbanı olmuş və çoxları buxalq düşməni” ailəsindən uzaq qaçırmış. Atamsa onunla evlənir və ailəsinə arxa-dayaq olur.

   Yaradıcılıq yoluna 1930-cu illərdə - Q.Qarayev, S.Rüstəmov, Niyazi, Z.Bağırov, C.Hacıyev, rejissor H.Seyidbəyli kimi istedadlarla (“ayrılmaz dostlarla) başlamış atam çox ünsiyyətcil idi. Ümumiyyətlə, atamın nəzərində pis adam yox idi; birinin yaxşı görmədiyini biləndə, deyərdi, o özü də əməlinin düzgün olmadığını başa düşür, bu işi istəmədən eləyib...

   On il ABİ-nin sədri vəzifəsində çalışdı, evdə də saatı bitmirdi. Hərdən deyirdim, ata, bizim ev Bəstəkarlar İttifaqının birinci binasıdır. Sözü, dərdi, problemi olan hər kəsi səbrlə dinləyər, bacardığı köməyi göstərərdi. Yaxın dostu Qara Qarayev onun xeyirxahlığı haqqında yazırdı: “Heç vaxt mənə indiki qədər aydın olmamışdı ki, sən adamlara musiqilərin qədər də xeyirxahlıq etmisən. Mən sənə həm də buna və Azərbaycan xalqının mənəvi sərvətinə gətirdiyin - qiymətə gəlməyən xəzinəyə görə təşəkkür edirəm!”.

   Daimi müşahidəçilərindən biri kimi, mübaliğəsiz deyə bilərəm ki, yaratdığı əsərlər onun istedadının üçdəbirini əks etdirmir. Onun yaradıcılıqla məşğul olmağa, sadəcə, vaxtı qalmırdı. İclaslar, toplantılar, daimi müraciətlər...

   Amma heç zaman iş-güc çoxluğundan gileylənmirdi, fəal həyat keçirməyi sevirdi. Səhərlər yerindən qalxar, idman edər, mütləq qəzetlərə baxardı. Mütaliə etməyi çox sevirdi. Zəngin kitabxanası vardı.

   Böyük Vətən müharibəsində itkin düşmüş qardaşı Adilin dərdini ömrü boyu yaşadı. Əmilərimdən birinin oğluna Adil, böyük bacıma Adilə adını qoydu...

   Adilə gənc yaşında vəfat edib. Yeganə qızı Cəmilə 8 yaşında anasız qaldı. Bizim evdə böyüdü. Atamın musiqisini yazdığı iki filmdə çəkildi...”

  

   Oğlu Eldar Quliyevin söhbəti çalışdığı sahənin bir titri qədər:

   Mənə çox sual verirlər ki, atanız kinomuzun ən gözəl nümunələrinə ən gözəl musiqilər yazdığı halda, səsi sizin filmlərinizdən üçün gəlmir, mənim sözümsə həmişə bu olub olacaq: onunla bu barədə söhbətimiz olmayıb. Amma bir kərə mənə dedi ki, özünə yaxşı bir bəstəkar tap, onunla işlə. Vəssalam”.

  

   Vasif Adıgözəlov:

   Çoxsahəli sənət dünyamızın elə nümayəndələri var ki, onlar, sözün tam mənasında, mədəniyyətimizin ağsaqqalları sayılırlar. Əlbəttə, yaş baxımından yox, öz sənət, səviyyə, cəmiyyətimizdə tutduğu mövqeyinə görə. Tofiq Quliyev məhz belə ağsaqqallardandır. O, sənətkarlığın ən yüksək səviyyəsində duran, xalqın ən sevimli bəstəkarı olmağıyla bərabər, bir insan kimi xalq tərəfindən sevilir, qəbul olunurdu. Mən mədəniyyətimizdə Tofiq Quliyev kimi çox az adam tanıyıram ki, hərtərəfli inkişaf etmiş olsun. Misal üçün, Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi.

   Bir məqamı xatırladım: ssenariyə görə T.Quliyev “Bəxtiyar” filminin bir hissəsində çox şablon bir mahnı (“Sevgilim”) yazmalı idi. Lakin, qəsdən “primitiv” yazılmış o mahnı da çox-çox gözəl alınmış, sonraların ən sevimli nəğmələrindən birinə çevrildi.

   Yaxud, söhbətlərimizin birində mənim “Siz niyə dirijorluq etmirsiniz” sualıma cavabında dedi, “Mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm. Amma Niyazinin qarşısında dirijorluq etmək günahdır!”

   Allah rəhmət eləsin...

  

   Tahir Abbaslı

 

Mədəniyyt.- 2017.- 4 oktyabr.- S13.