Millətlər Sarayının qarşısında “Düşüncələr və arzular

 

 

   BMT-nin Cenevrə bölməsində Azərbaycan dövlətinin hədiyyə etdiyi abidənin açılışı olub

  

   Ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə oktyabrın 3-də BMT-nin Cenevrə bölməsində, Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub.

   1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridironun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən artıq incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

   Abidənin açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, mərkəzi qərargahı Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

   Mərasimdə BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller çıxış edərək Ariana parkındakı abidələr kolleksiyasını zənginləşdirən maraqlı incəsənət əsərini hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. İnsanın sülh, təhlükəsizlik, insan haqları və inkişafa dair arzularını simvolizə edən bu abidənin BMT-nin əsas hədəfləri və dəyərləri ilə üst-üstə düşdüyünü qeyd edən M.Möller abidənin müəlliflərinə minnətdarlığını çatdırıb. Qeyd edilib ki, Azərbaycan BMT-nin ən fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətinə öz töhfəsini verir və Cenevrə həftəsi çərçivəsində mədəniyyətlərarası dialoqa həsr olunacaq tədbirin nəzərdə tutulması bu ölkənin BMT dəyərlərinə verdiyi yüksək qiymətə bariz nümunədir.

   Baş nazirin müavini Əli Həsənov çıxışında deyib ki, ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinə müvafiq abidənin hazırlanmasına dair göstəriş verib. Ötən ilin iyun ayından etibarən Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi yanındakı daimi nümayəndəliyi müvafiq danışıqlar apararaq, Cenevrə şəhərində ölkəmizin hədiyyəsi olan abidənin ucaldılmasına dair razılıq əldə edib. Azərbaycanın bu müraciətinə müsbət yanaşdığına görə Mixael Möllerə təşəkkür edən Əli Həsənov qeyd edib ki, BMT-nin sülh, inkişaf, insan hüquqları, tərəqqi kimi dəyərlərinin tərənnüm olunduğu bu abidə, eyni zamanda, Azərbaycan xalqının əsrlərdən bəri yaşadığı və bəşəriyyətə verdiyi töhfələri özündə əks etdirir. Bu gün çətin bir dövrdə yaşayırıq və belə bir keşməkeşli dövrdə BMT dəyərlərinin qorunmasına daha çox ehtiyac var. Azərbaycan hökuməti üzv olduğu 25 il ərzində BMT dəyərlərindən bəhrələnib və bunu davam etdirəcək.

   Sonra tədbir iştirakçıları abidənin üzərindəki örtüyü açıblar.

   Azərbaycan Prezidentinin tapşırığına əsasən, Mədəniyyət və Turizm Nazirliyi abidənin hazırlanması işini xalq rəssamları Səlhab Məmmədova və Əli İbadullayevə həvalə edib. Abidə Azərbaycan heykəltəraşlıq məktəbinin yüksək səviyyəli nümunəsi olmaqla yanaşı, bəşəri dəyərləri özündə ehtiva edən əsl incəsənət əsəridir.

   Abidənin açılışından sonra qonaqlara ziyafət verilib. Ziyafət verilən zalda Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib.

   * * *

   Həmin gün Baş nazirin müavini Əli Həsənov BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə görüşüb. Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

   Əli Həsənov BMT-nin yeni baş katibi seçildikdən sonra təşkilatda islahatların və struktur dəyişikliklərinin də labüdlüyü məsələsinə toxunaraq qeyd edib ki, əsas istiqamətlərdən biri BMT-nin qəbul etdiyi sənəd və qətnamələrin həyata keçirilməsinin təmin olunmasıdır. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmamış qalır. Beynəlxalq ictimaiyyətin seyrçi mövqedə qalması dünyanın müxtəlif regionlarında münaqişə ocaqlarının artmasına təkan verir.

   Baş nazirin müavini ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə Cenevrədə abidənin ucaldılması məsələsinə müsbət yanaşdığına görə bir daha M.Möllerə Azərbaycan hökuməti adından təşəkkür edib.

   Mixael Möller Azərbaycanın hədiyyə etdiyi abidənin təkcə BMT-nin Cenevrə bölməsinə deyil, bütün bəşəriyyətə edilmiş hədiyyə olduğunu qeyd edib.

 

 

Mədəniyyət.- 2017.- 6 oktyabr.- S.8.