Vyanada muğam gecəsi

 

 

 

   Avstriya paytaxtının Marqareten rayonunun bələdiyyə binasında Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

   Gecədə musiqiçi Fərəməz Gərmrudinin məruzəsi dinlənilib. O, muğamların tarixindən, Azərbaycan və İran muğamları arasında oxşar və fərqli cəhətlərdən danışıb. Qeyd olunub ki, çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var.

   Sonra Fərəməz Gərmrudi udda muğam və Azərbaycan xalq mahnılarını səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

   Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində baş verən münaqişələrdə ən böyük zərbəyə məruz qalan körpə uşaqlara həsr olunmuş videofilm təqdim olunub.

   Qeyd edək ki, F.Gərmrudi musiqi əsərləri bəstələməklə, oxumaqla yanaşı, mahir ud ifaçısı kimi də şöhrət qazanıb. Onun rəhbərlik etdiyi muğam qrupu dünyanın müxtəlif ölkələrində, eləcə də Vyanada dəfələrlə konsert proqramları ilə çıxış edib.

 

 

Mədəniyyət.- 2017.- 11 oktyabr.- S.4.