Qadın məhbuslar üçün “Dərs”

 

 

 

   Cəzaçəkmə müəssisəsində kino nümayişi

  

   Oktyabrın 6-da Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin təşkilatçılığı ilə Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhbuslar üçün nümayiş olundu.   

   Tədbirdə nazirliyin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru Gülgün Kərimova, filmin rejissorlarından Xalq artisti Rafiq Əliyev iştirak edirdi.

   4 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işinin təşkili üzrə rəis müavini, ədliyyə mayoru Sevda Zamanova qonaqları salamlayaraq filmin nümayişinin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, cəzaçəkmə müəssisəsində mütəmadi olaraq konsertlər, teatr kollektivləri ilə görüşlər təşkil edilir. Məhbusların asudə vaxtının maraqlı keçməsi üçün Azərbaycan filmləri nümayiş olunur.

   Rejissor Rafiq Əliyev çıxışı zamanı filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşdü: “40 ildən artıq müddət olardı ki, Azərbaycanda uşaq filmi lentə alınmırdı. Gənc nəslin dünyagörüşü, onların cəmiyyətdə özlərini necə təqdim etmələri filmin əsas mövzusudur. Dostluq, insanlıq, vicdanlı olmaq insanın yaşayış tərzinin əsasını təşkil edir və həyatda gənc yaşda buraxılan ən xırda səhv insanı bütün həyatı boyu təqib edir”.

   Bildirildi ki, film bir neçə beynəlxalq kinofestivalda diploma layiq görülüb. 2016-cı ildə 25-ci “KinoşokBeynəlxalq Film Festivalının (Rusiya) “KinoMalıŞokproqramınınƏn yaxşı film” nominasiyasında qalib olub.

   Çıxışlardan sonra film təqdim olundu. Maraqlı süjet xəttinə malik film xanım məhbuslar tərəfindən rəğbətlə qarşılandı.

   Sonda rejissor Rafiq Əliyev filmlə bağlı məhbusları maraqlandıran sualları cavablandırdı.

   Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2015-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza AğayevaAnastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayevadır.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 11 oktyabr.- S.7.