Görkəmli kinooperator Arif Nərimanbəyovun xatirəsi anılıb
Oktyabrın 6-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru,
Əməkdar incəsənət
xadimi Arif Nərimanbəyovun anadan olmasının 100 illiyinə
həsr olunmuş xatirə gecəsi keçirilib.
Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı
ilə birgə təşkil olunan tədbirin iştirakçıları
əvvəlcə sənətkarın
yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar.
Sonra Arif Nərimanbəyovun ömür yolunu əks etdirən videoçarx nümayiş
olunub.
Tədbirdə
əməkdar incəsənət
xadimləri - Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının icraçı
katibi Cəmil Quliyev, kino tarixçisi
Aydın Kazımzadə
və başqaları
çıxış edərək
görkəmli kinematoqrafçının
keçdiyi həyat yolu və yaradıcılığından
söhbət açıblar.
Bildirilib ki, Azərbaycan
kinosunun zəngin salnaməsini yaradanlar sırasında görkəmli
kinooperatoru Arif Nərimanbəyovun xüsusi
yeri var. O, fərqli janrlarda, müxtəlif xarakterli filmlərin operatoru olub. Hansı janrda ssenari yazılırdısa, o janra
uyğun öz təsvir üsulunu qururdu.
Arif Nərimanbəyov “Fətəli xan”, “Bakının işıqları”, “Arşın mal alan” bədii filmlərində ikinci operator işləyib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri” (M.Mustafayevlə birgə), “Leyli və Məcnun”, “Möcüzələr adası”, “Qaraca qız”, “İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Həyat bizi sınayır”, “Var olun, qızlar”, “Ömrün səhifələri”, “Ürək, ürək”, “Dərviş Parisi partladır” (Z.Məhərrəmovla birgə), “Bayquş gələndə”, “Onun bəlalı sevgisi”, “Nizami” bədii filmlərinin quruluşçu operatoru olub. Həmçinin ondan artıq sənədli film çəkib.
A.Nərimanbəyov 1992-ci il mayın 16-da vəfat edib.
Mədəniyyət.-
2017.- 11 oktyabr.- S.10