Unudulmaz aktrisanın sənət işığında

 

 

 

   Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın yubiley gecəsi keçirildi

  

   Oktyabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyi təntənə ilə qeyd edildi. Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, teatr ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edirdilər.   

   Teatrın foyesində Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin materialları əsasında yubilyarın sənət yolunu əks etdirən sərgi təşkil edilmişdi. Aktrisanın həyat və yaradıcılığından bəhs edən slayd-şou nümayiş etdirildi, uzun illər aparıcısı olduğuBulaqradio proqramından parça səsləndirildi.

   Teatrın direktoru, Xalq artisti Azərpaşa Nemətov, bir zaman hələ gənc ikən görkəmli aktrisa ilə eyni səhnəni paylaşmış xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov Məhluqə xanımın xatirə işığına toplaşmış teatrsevərlərlə xatirələrini bölüşdülər.

   Salonda davam edən yubiley mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli aktrisa haqqında çıxış etdi. Nazir müavini söylədi ki, Məhluqə Sadıqova ömrünün 54 ilini bu teatra həsr edib. O, bu səhnədə Mirzə Fətəli Axundzadədən üzü bəri XIX-XX əsrin bütün Azərbaycan dramaturqlarının əsərlərində yaddaqalan rollar oynayıb.

   Bundan başqa, Məhluqə xanım Azərbaycan RadiosundaBulaq” proqramının aparıcısı kimi bütün dünya azərbaycanlılarını saz-söz sənəti, folkloru ilə tanış etmək kimi müqəddəs missiyanı yerinə yetirib. Zahirən nə qədər çox ciddi, hətta zabitəli görünsə də, həmişə gəncləri dəstəkləyən, bir ana kimi onların qayğısını çəkən, bədii şuranın iclaslarında həmişə gəncləri qorumağı bacaran sənətkar kimi yaddaşlarda qalıb.

   Diqqətə çatdırıldı ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Bakıda və bölgələrdə Məhluqə Sadıqovanın yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

   Ədalət Vəliyev onu da vurğuladı ki, Məhluqə xanımın yubiley törənində onun həyat yoldaşı, Rusiyada ali rejissorluq təhsili almış ilk soydaşımız Ələsgər Şərifovun adını çəkməmək olmaz. Bu cütlük qarşılıqlı sevgi və hörməti ilə hamıya bir ailə nümunəsi idi.

   Sonra nənəsinin yubileyində iştirak etmək üçün ABŞ-dan Bakıya gəlmiş Maykl (Murad) Şərif səhnəyə qalxaraq Məhluqə xanımın 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunduğu üçün dövlətimizin başçısına, Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Milli Dram Teatrının rəhbərliyinə, bu gecəyə gələn qonaqlara yubilyarın ailə üzvləri adından minnətdarlıq etdi.

  

   * * *

   Cəfər Cabbarlı dramaturgiyasında maraqlı obrazlar yaratmış Məhluqə xanımın ifasında sevilən surətlərdən biri də “Almaz” pyesində Yaxşı rolu olub. Teatrın repertuarında olan tamaşanın budəfəki nümayişi görkəmli aktrisanın xatirəsinə həsr olundu. Yaxşı rolunda aktrisa Rada Nəsibova çıxış edirdi. Tamaşanın müəllifi Azərpaşa Nemətovdur.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.2.