Muğam müasirliklə dialoqda...

 

   Beynəlxalq simpoziumun mədəni proqramı çərçivəsində konsert

  

   Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun mədəni proqramı çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş “Bahariyyə. Muğam müasirliklə dialoqda” adlı konsert keçirildi.  

   Konsertdən əvvəl layihənin rəhbəri Cahangir Səlimxanov layihə haqqında məlumat verdi. Bildirdi ki, layihə eksperimentalqeyri-adi musiqi janrlarını özündə ehtiva edir. Burada səslənən hər bir səsin özəlliyi var, musiqinin müxtəlif janrları muğamla sintez olunur. Muğam bugünkü müasir dünyamızda müxtəlif kontekstlərdə yaşayır. Layihənin əvvəlində səslənən sənaye səsləri və sonunda səslənən kosmik ritmlər xüsusi simvolik məna kəsb edir.

   Sonra əsər təqdim olundu.

  

   Bu musiqidən, ey same, sana gər nəsnə kəşf oldu,

   Məqamatın bəyan eylə, üsulun göstər ədvarın...

  

   İnsan mövcudluğunun ən universal mexanizmlərini dərketmə vasitəsi kimi Nəsiminin musiqi barədə bu fikirləri Orta əsrlərdə sevimli təbiət hadisəsinə - baharın gəlişinə işarə edir. Təbiətin oyanmacanlanma metaforası dolayı yolla mənəvi oyanmaşüurun yeni səviyyəsinə çatması üçün zəruri olan ekstremal vəziyyətlə əlaqələndirilir. Təqdim edilən layihədə bu əhval-ruhiyyə muğamın kompleks poetik məzmununu anlamağa kömək edir.

   “Bahariyyə” muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. Layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun “Azərbaycan” kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmış ifası ilə dialoq, Avropa bəstəkarlarından fraqmentlər - ümumilikdə 42 fraqmentdən ibarət 5 peyzaj daxildir.

   Konsert proqramında ifa sənədli səsli mənzərə - səs sənətçisi Peter Cusack tərəfindən toplanmış Bakıətrafı səslər, NASA-nın (ABŞ Kosmik Agentiyi) “Voyagerkosmik gəmisi tərəfindən qeydə alınmış Saturn planetinin titrəyişlərindən ibarət olan kolleksiya ilə başlanır. Dünyaca məşhur videosənət ustası Robert CahenMatias Guerranın Azərbaycanın xəyali musiqi mənzərəsindən ilhamlanaraq yaratdıqları videoəsər konsert boyu ifanı müşayiət edir.

   Layihənin rəhbəri art-menecer Cahangir Səlimxanov, ifaçıları əməkdar artistlər Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılovdur (kamança). Səs tərtibatçısı Fərhad Fərzalı, konsepsiya müəllifi Vilayət Qəhrəmanzadədir.

   Konsert alqışlarla qarşılandı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.- S.2.